BAKI, TurkicWorld, Orxan Qədirzadə
ABŞ-ın İsraildəki səfiri Mayk Hakkabinin İsrailin Yaxın Şərqdə tam nəzarət yaratmasını "məqbul" hesab edən bəyanatlarından sonra yaranan diplomatik böhran dərinləşir. Tramp administrasiyasının bu sözləri təkzib etməsi İsrail mətbuatının sərt reaksiyasına səbəb olub.
TurkicWorld xəbər verir ki, Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və Pakistan da daxil olmaqla 14 İslam ölkəsinin kəskin qınağından sonra Vaşinqton geri addım atmaq məcburiyyətində qalıb. Tramp administrasiyası səfir Hakkabinin sözlərinin rəsmi ABŞ siyasətini əks etdirmədiyini bəyan edib.
Tramp administrasiyasının yüksək rütbəli rəsmiləri, o cümlədən Dövlət katibinin müavini Kris Landau bildiriblər ki, ABŞ-ın Qəzza və İordan çayının qərb sahili ilə bağlı siyasətində heç bir dəyişiklik yoxdur. Rəsmi Vaşinqton İsrailin mövcud sərhədlərindən kənarda fəaliyyət göstərməsi üçün hər hansı icazə və ya maliyyə vermədiyini açıqlayıb.
Analitiklər hesab edir ki, bu addım Ağ Evin Qəzzanı yenidən qurmaq və İsrail ilə regional əməkdaşlığı (İbrahim sazişləri və s.) qorumaq səylərinə zərər gəlməməsi üçün atılıb.
İsrail mətbuatı isə bu təkzibi "xəyanət" və ya "zəiflik" kimi qiymətləndirib. Yerli qəzetlər Trampın "Ərəb ölkələrini sakitləşdirmək üçün tələsdiyini" və İsrailin strateji hədəflərini ikinci plana atdığını iddia ediblər.