BAKI, TurkicWorld, Orxan Qədirzadə
ABŞ Prezidenti Donald Tramp yerli sakinlərin lazımi tibbi yardımdan məhrum olduğunu iddia edərək, Qrenlandiya sahillərinə hərbi-tibbi xəstəxana gəmisinin göndəriləcəyini elan edib.
TurkicWorld xəbər verir ki, Vaşinqtonun bu gözlənilməz addımı Danimarka və Qrenlandiya rəsmiləri tərəfindən sərt və kinayəli reaksiya ilə qarşılanıb. Danimarkanın müdafiə naziri Troels Lund Poulsen hökumətin bu təşəbbüsdən diplomatik kanallar vasitəsilə deyil, yalnız Trampın sosial media paylaşımları vasitəsilə xəbər tutduğunu bildirib.
Nazir qeyd edib ki, Qrenlandiya əhalisi bütün lazımi tibbi xidmətlərlə yerində təmin olunur, ehtiyac yarandıqda isə Danimarkada ixtisaslaşmış müalicə alırlar. "Heç bir əlavə tibbi missiyaya ehtiyac yoxdur", - deyə Poulsen vurğulayıb.
Danimarkanın Baş naziri Mette Frederiksen isə sosial şəbəkə hesabında Trampın təklifini ironiya ilə qarşılayaraq, Danimarka və ABŞ-nin səhiyyə sistemlərini müqayisə edib. O, tibbin hamı üçün pulsuz və əlçatan olduğu bir ölkədə yaşamaqdan qürur duyduğunu bildirərək, ABŞ-də müalicənin sığorta və maliyyə vəziyyətindən asılı olmasına eyham vurub.
Statistik məlumatlara görə, ABŞ səhiyyəyə digər inkişaf etmiş ölkələrdən iki qat çox vəsait xərcləsə də, orta ömür uzunluğu Danimarkadakı 82 yaşa nisbətən 79 yaş təşkil edir. Maraqlıdır ki, bu təklifdən bir gün əvvəl Danimarka tərəfi Nuuk sahillərində "USS Delaware" atom sualtı qayığından təxliyə edilən amerikalı dənizçiyə təcili tibbi yardım göstərib.
Ekspertlər hesab edirlər ki, "xəstəxana gəmisi" təklifi Vaşinqtonun faydalı qazıntılarla zəngin olan Arktika adasına nəzarət etmək cəhdlərinin bir hissəsidir. Danimarka tərəfi isə suverenlik məsələsini müzakirə etməkdən qəti şəkildə imtina edir.