Bakı, TurkicWorld, Orxan Qədirzadə
Almaniya Federal Hökuməti Aşağı Saksoniya ştatının Lingen şəhərində Rusiyanın "Rosatom" dövlət korporasiyasının iştirakı ilə həyata keçiriləcək nüvə layihəsinə razılıq verib.
TurkicWorld xəbər verir ki, Almaniya Nazirlər Kabineti ekspertizadan sonra layihənin müəyyən məhdudiyyətlərlə icrasına icazə vermək niyyətindədir. Fransanın "Framatome" konserninin törəmə müəssisəsi olan "Advanced Nuclear Fuels GmbH" şirkəti Lingen zavodunda Rusiya konstruksiyalı yanacaq elementlərinin istehsalını təşkil etməyi planlaşdırır.
Layihə çərçivəsində atom elektrik stansiyaları üçün yeni istilikayıran yığınların (TVS) "Rosatom"un tərkibindəki "TVEL" şirkətinin lisenziyası əsasında istehsalı nəzərdə tutulur. "Framatome" rəhbərliyi bu addımın Avropanın yanacaq təminatında müstəqilliyini artıracağını və enerji kəsintilərinin qarşısını alacağını bəyan edib.
Qeyd edək ki, Ukraynadakı müharibə və Avropa İttifaqının Rusiyadan enerji asılılığını azaltmaq siyasəti fonunda bu əməkdaşlıq ekoloqlar və ictimai fəallar tərəfindən kəskin tənqid olunur. Tənqidçilər "Rosatom" ilə əməkdaşlığın casusluq və təxribat risklərini artırdığını iddia edirlər. Şirkət isə Rusiya texnologiyasından istifadəni keçid mərhələsi kimi qiymətləndirir və gələcəkdə tam müstəqil istehsala keçməyi hədəfləyir.