BAKI, TurkicWorld, Orxan Qədirzadə
Böyük Britaniya Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirmək məqsədilə bu ölkəyə 1000 ədəd yüngül çoxməqsədli raket tədarük edəcəyini açıqlayıb. Bu yardım paketi xüsusilə Ukraynanın enerji infrastrukturuna yönəlmiş kütləvi hücumların qarşısının alınması üçün nəzərdə tutulub.
TurkicWorld xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, söhbət müxtəlif platformalardan və daşınan zenit-raket komplekslərindən (Daxili ZRK) atıla bilən "Martlet" raketlərindən gedir.
Britaniyanın müdafiə naziri Con Hili bildirib ki, Ukraynaya göstərilən təcili yardımın ümumi məbləği 500 milyon funt-sterlinq (təxminən 680 milyon dollar) təşkil edəcək. Bu məbləğin 150 milyon funt-sterlinqi NATO tərəfindən koordinasiya edilən proqram çərçivəsində ilk dəfə olaraq ABŞ silahlarının alınmasına yönəldiləcək.
Con Hili qeyd edib ki, London Ukraynanın fasiləsiz dron və raket hücumlarından qorunması üçün liderlik rolunu davam etdirəcək. Yaxın aylarda Britaniya daha 1200 zenit raketi və 200 min artilleriya sursatını Ukrayna tərəfinə təhvil verməyi planlaşdırır.
Məlumat üçün bildirək ki, cari ilin əvvəlindən Rusiya Ukraynanın enerji sisteminə zərbələri intensivləşdirib. Təkcə yanvar ayında 217 hücum qeydə alınıb ki, bu da Kiyev, Xarkov və Odessa kimi böyük şəhərlərdə elektrik, istilik və su təchizatında ciddi problemlər yaradıb. Fevralın əvvəlində hücumların miqyası daha da genişlənərək ən yüksək həddə çatıb. Paytaxt Kiyevin meri Vitali Kliçkonun sözlərinə görə, son zərbələr nəticəsində minlərlə ev istiliksiz qalıb.
Ukrayna tərəfi, xüsusən də Prezident Volodimir Zelenski "Patriot" sistemləri üçün raket qıtlığının olduğunu bildirərək, müttəfiqləri hava hücumundan müdafiə vasitələrinin tədarükünü artırmağa çağırıb.