BAKI, TurkicWorld, Orxan Qədirzadə
Səudiyyə Ərəbistanının Vəliəhdi və Baş naziri Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz ölkədə rəsmi səfərdə olan Böyük Britaniyanın Vəliəhdi, Uels şahzadəsi Vilyamı qəbul edib.
TurkicWorld xəbər verir ki, bazar ertəsi axşam saatlarında baş tutan görüş çərçivəsində tərəflər Səudiyyə dövlətinin beşiyi sayılan və YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş tarixi "At-Turaif" rayonuna (Diriyə) gəzinti ediblər.
AzerVoice xəbər verir ki, bu, Şahzadə Vilyamın Səudiyyə Ərəbistanına ilk rəsmi səfəridir və səfər iki ölkə arasında 80 ildən artıq tarixi olan strateji əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi daşıyır. Britaniya Vəliəhdini hava limanında Riyad bölgəsinin vitse-amiri Şahzadə Məhəmməd bin Əbdülrəhman və hər iki ölkənin yüksək rütbəli diplomatları qarşılayıblar. Britaniyanın Riyaddakı səfiri Stiven Hitçen səfərin əhəmiyyətini vurğulayaraq, proqramın incəsənət, mədəniyyət, idman və ətraf mühitin mühafizəsi kimi geniş sahələri əhatə edəcəyini bildirib.
Üç gün davam edəcək səfər çərçivəsində Şahzadə Vilyamın Əl-Ula bölgəsinə gedərək təbiətin qorunması layihələri ilə tanış olması, həmçinin qadın idmanı və elektron idman növləri ilə bağlı təşəbbüslərdə iştirakı planlaşdırılır. Kensinqton sarayından verilən məlumata görə, London bu səfər vasitəsilə ticarət, enerji və investisiya sahələrində ikitərəfli əməkdaşlığı "Vizyon 2030" islahatları fonunda yeni zirvəyə daşımağı hədəfləyir.