BAKI,TurkicWorld, Orxan Qədirzadə
Suriya hökumət qüvvələri ölkənin şimal-şərqində yerləşən Həsəkə şəhərində nəzarəti mərhələli şəkildə bərpa etməyə başlayıb.
TurkicWorld xəbər verir ki, Suriya təhlükəsizlik qüvvələri bazar ertəsi Həsəkə şəhərinə daxil olub. Bu addım SDQ-yə məxsus mülki və hərbi strukturların dövlət çərçivəsində birləşdirilməsini nəzərdə tutan razılaşmanın icrası kimi qiymətləndirilir. Şahidlərin bildirdiyinə görə, zirehli texnika və hərbi avtomobillərdən ibarət kolon şəhərə SDQ-yə məxsus təhlükəsizlik postundan keçərək daxil olub, yol kənarında toplaşan sakinlər isə Suriya bayraqları qaldırıb.
Həsəkə vilayətinin daxili təhlükəsizlik rəisi, briqada generalı Mərvan əl-Əli qüvvələrə tapşırıqlar verərək əməliyyatların mövcud planlara uyğun, qanun və qaydalara tam riayət olunmaqla aparılmasını, ictimai asayişin və vətəndaşların əmlakının qorunmasını tələb edib.
Qeyd olunur ki, ötən cümə günü Dəməşq hakimiyyəti ilə SDQ arasında “ümumi razılaşma” əldə olunub. Sənədə əsasən, SDQ strukturlarının mülki və hərbi institutları tədricən Suriya dövlətinə inteqrasiya ediləcək. Razılaşma son həftələrdə tərəflər arasında baş verən toqquşmalardan sonra Dəməşqin ölkənin şimal və şərqində geniş ərazilərə nəzarəti bərpa etməsi fonunda imzalanıb.
Bununla paralel olaraq Suriya Neft Şirkəti Həsəkənin cənubunda yerləşən Cəbsa qaz yatağında qaz turbinlərinin yenidən işə salındığını açıqlayıb. Bildirilib ki, aparılan təmir-bərpa işlərindən sonra istehsal prosesi dəstəklənir və yatağın əməliyyat hazırlığı artırılır. Yanvar ayının sonunda hökumət qüvvələrinin SDQ-dən azad etdiyi neft yataqlarında hasilatın bərpasına başlanıldığı da xatırladılıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində SDQ-yə bağlı bəzi qüvvələr Həsəkədə komendant saatı tətbiq edib, rabitənin müəyyən müddətə kəsildiyi, şəhərdə silahlı patrulların və pilotsuz uçuş aparatlarının müşahidə edildiyi bildirilib.
SDQ rəhbəri Məzlum Abdi razılaşmanın bu gündən etibarən praktik mərhələdə icrasına başlanacağını, tərəflərin təmas xətlərindən geri çəkiləcəyini və Həsəkə ilə Qamışlıya məhdud sayda hökumət təhlükəsizlik qüvvəsinin daxil olacağını açıqlayıb. Razılaşma həmçinin Həsəkə və Qamışlıda daxili işlər nazirliyinə tabe qüvvələrin yerləşdirilməsini, SDQ-nin bir hissəsinin isə Suriya ordusunun tərkibində briqadalar şəklində inteqrasiyasını nəzərdə tutur.