Son dəqiqə

Rusiya Ukraynanın energetika infrastrukturuna hücumları bərpa etdi Ukraynada enerji böhranı dərinləşir: yeni bölgələr işıqsız qaldı Enerji atəşkəsi fonunda Rusiyanın zərbələri yenidən başladı Kiyev və regionlarda elektrik enerjisi qıtlığı davam edir Ukrayna energetikası yenidən hücum hədəfinə çevrildi Rusiya zərbələri Ukraynada genişmiqyaslı kəsintilərə səbəb oldu

Rusiya Ukraynanın energetika infrastrukturuna zərbələri bərpa edib

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Rusiya ordusunun Ukraynanın enerji infrastrukturuna hücumları bərpa etməsi nəticəsində bir sıra bölgələrdə elektrik enerjisinin verilişi dayandırılıb.

TurkicWorld xəbər verir ki, Ukraynanın energetika nazirinin birinci müavini Artyom Nekrasovun açıqlamasına görə, hücumlar nəticəsində Xarkov, Sumı, Dnepropetrovsk və Çerkası vilayətlərində istehlakçılar işıqsız qalıb. Bundan əlavə, əlverişsiz hava şəraiti səbəbindən Odessa, Nikolayev və Kirovoqrad vilayətlərində 160-dan çox yaşayış məntəqəsində elektrik enerjisinin verilişi bərpa olunmayıb.

Məlumata əsasən, Kiyev şəhəri və Kiyev vilayətində də elektrik çatışmazlığı davam edir. Enerji sistemində sabitlik təmin edildikdən sonra paytaxtda proqnozlaşdırılan saatlıq elektrik kəsintisi qrafiklərinə qayıdılması planlaşdırılır.

Ukrayna Energetika Nazirliyinin mətbuat xidməti bildirib ki, hücumlar nəticəsində zədələnmiş enerji obyektlərində bərpa işləri davam etdirilir və enerji sisteminin dayanıqlı fəaliyyəti üçün bütün mümkün tədbirlər görülür.

Qeyd edilir ki, zərbələrin bərpa olunması ilə bağlı məlumatlar müvəqqəti “enerji atəşkəsi” barədə açıqlamalar fonunda yayılıb. ABŞ prezidenti Donald Tramp daha əvvəl Rusiya prezidenti Vladimir Putinin anomal soyuq hava şəraiti ilə əlaqədar olaraq bir həftə müddətinə Kiyev və digər Ukrayna şəhərlərinə zərbələrdən çəkinməyə razılaşdığını bildirmişdi.

Kreml razılaşmanın mövcudluğunu təsdiqləsə də, onun müddətinin 1 fevrala qədər olduğunu açıqlayıb. Ukrayna prezidenti Volodimir Zelenski isə Moskva ilə Kiyev arasında enerji atəşkəsi ilə bağlı birbaşa razılaşmanın olmadığını bəyan edib.

Zelenski vurğulayıb ki, Ukrayna Rusiyanın da eyni addımı atacağı təqdirdə Rusiya energetika obyektlərinə zərbələrdən çəkinməyə hazırdır. Onun sözlərinə görə, razılaşmanın qüvvədə olduğu dövrdə Ukraynanın enerji infrastrukturuna qarşı məqsədli raket və pilotsuz uçuş aparatları ilə hücumlar qeydə alınmayıb.