Son dəqiqə

Epşteynin Mossadla mümkün əlaqələri barədə iddialar gündəmə gəlib Epşteyn işi üzrə sənədlərdə kəşfiyyat əlaqələri iddiası yer alıb ABŞ istintaq materialları Epşteynlə bağlı yeni suallar doğurub Epşteyn və İsrail kəşfiyyatı: təsdiqlənməyən iddialar Epşteyn işi üzrə yayımlanan sənədlər müzakirələrə səbəb olub İstintaq materiallarında Epşteynin Mossadla əlaqəsi iddia edilir

Epşteyn Mossad agenti olub? İddialar istintaq materiallarında yer alıb

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Ceffri Epşteyn işi üzrə ictimaiyyətə açıqlanan istintaq materiallarında onun İsrail kəşfiyyatı Mossad ilə mümkün əlaqələrinə dair iddialar yer alıb.

TurkicWorld xəbər verir ki, yayımlanan materiallara əsasən, iddialar ABŞ Federal Təhqiqat Bürosunun 2020-ci ilin oktyabrına aid hesabatı və anonim mənbənin ifadələrinə söykənir. Mənbə bildirib ki, Epşteynin kəşfiyyat strukturları ilə mümkün əlaqələri barədə nəticəyə şəxsi müşahidələri və təmasları əsasında gəlib. Onun sözlərinə görə, bu ehtimal Harvard Universitetinin hüquq fakültəsinin professoru Alan Derşovits tərəfindən də dolayısı ilə səsləndirilib.

Anonim mənbə iddia edib ki, həmin məlumatları vaxtilə Florida ştatının Cənub dairəsi üzrə prokuroru olmuş Aleks Akosteyə çatdırıb. Onun sözlərinə görə, Epşteynin həm ABŞ, həm də xarici kəşfiyyat xidmətləri ilə əlaqələrinin olduğu ehtimalı müzakirə olunub. Mənbə həmçinin Derşovitslə Epşteyn arasında telefon danışıqlarının şahidi olduğunu bildirib və bu danışıqlardan sonra İsrail kəşfiyyatına bağlı şəxslərin Derşovitslə əlaqə saxladığını iddia edib.

Sənədlərdə Epşteynin İsrailin keçmiş baş naziri Ehud Barakla yaxın münasibətlərinə dair də qeydlər yer alıb. Mənbə iddia edib ki, onun fikrincə, Epşteyn Barakın hakimiyyəti dövründə kəşfiyyat fəaliyyəti üçün hazırlanmış ola bilər. Dərc olunan materiallarda Epşteynlə Barak arasında elektron yazışmalar da təqdim olunub.

2018-ci il dekabrın 17-də göndərilən məktublardan birində Epşteynin “Sən açıq şəkildə deməlisən ki, mən Mossad üçün işləmirəm” ifadəsini işlətdiyi göstərilir. 2017-ci il noyabrın 9-na aid başqa bir məktubda isə Epşteynin araşdırmalar üçün keçmiş Mossad əməkdaşlarının tapılmasına yardım xahiş etdiyi qeyd olunur. Cavab məktubunda Barak bu mövzuya toxunmayıb və telefon danışığı təklif edib.

Qeyd edək ki, istintaq materiallarında yer alan bu iddialar sübut kimi təqdim olunmur və rəsmi qurumlar tərəfindən təsdiqlənməyib. Məsələ ABŞ-da Epşteyn işi ətrafında davam edən geniş ictimai və hüquqi müzakirələrin bir hissəsi kimi dəyərləndirilir.