BAKI,TurkicWorld, Orxan Qədirzadə
ABŞ prezidenti Donald Trampın “dünyada heç kimdə yoxdur” deyə təqdim etdiyi “Discombobulator” adlı gizli silahın işləmə mexanizmi ilə bağlı yeni detallar ortaya çıxıb.
TurkicWorld xəbər verir ki, Tramp bu texnologiya barədə ilk dəfə New York Post-a verdiyi müsahibədə danışaraq, Venesuelanın keçmiş lideri Nikolas Maduronun saxlanılması zamanı məhz bu silahdan istifadə edildiyini bildirib. Tramp cihazı “sonik silah” kimi xarakterizə edib və onun texniki xüsusiyyətlərinin məxfi saxlanıldığını vurğulayıb.
Prezidentin sözlərinə görə, əməliyyat zamanı Rusiya və Çin istehsalı olan raket sistemləri tamamilə sıradan çıxarılıb. Tramp bunu “düymələrə basıldı, lakin heç nə işləmədi” sözləri ilə ifadə edib.
Səsin silaha çevrilməsi
Mütəxəssislər bildirirlər ki, “Discombobulator” səs dalğalarının həm eşidilən, həm də eşidilməyən formalarından istifadə edən texnologiyalara əsaslanır. Bristol Universitetinin professoru Brüs Drinkuoterin fikrincə, bu cür silahlar yüksək intensivlikli və fokuslanmış səs dalğaları yaradaraq hədəfə ciddi təsir göstərir.
Tarixən səs əsaslı texnologiyalar psixoloji təzyiq məqsədilə tətbiq edilsə də, müasir sistemlər artıq fiziki zərər verə bilir. Mütəxəssislərin sözlərinə görə, “Discombobulator” aktivləşdirildikdə insanda qarın nahiyəsinə güclü zərbə dəyməsi hissi yaradır.
Aşağı tezlikli dalğaların təsiri
Kent Universitetinin professoru İan Maklaflin bildirir ki, aşağı tezlikli infrasonik dalğalar daxili orqanlarda ciddi pozuntular yarada bilir. Bu təsirlər ürək ritminin pozulması, nəfəs darlığı, əzələ spazmları və hətta daxili qanaxma ilə nəticələnə bilər.
Eyni zamanda yüksək tezlikli ultrasəs dalğaları güclü baş ağrısı, ürəkbulanma və nevroloji pozuntulara səbəb olur. Alimlər qeyd edirlər ki, bu tip dalğaların qarşısını almaq son dərəcə çətindir.
Hibrid texnologiya ehtimalı
Trampın silahın yalnız insanlara deyil, eyni zamanda raket və elektron sistemlərə təsir göstərdiyini bildirməsi mütəxəssisləri yeni ehtimallara yönəldib. Mançester Universitetinin professoru Tobi Heysin fikrincə, “Discombobulator” səs texnologiyası ilə yanaşı, yüksək güclü elektromaqnit impulsları tətbiq edən hibrid silah ola bilər.
Ekspertlər hesab edirlər ki, bu texnologiya yönəldilmiş enerji silahları kateqoriyasına aid edilə və həm elektron sistemləri, həm də insan orqanizmini sıradan çıxara bilər.