BAKI,TurkicWorld, Orxan Qədirzadə
İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında Fələstin dövlətinin yaradılmasına imkan verməyəcəyini bəyan edib və ölkəsinin təhlükəsizlik nəzarətini İordan çayından Aralıq dənizinədək saxlayacağını bildirib.
TurkicWorld xəbər verir ki, Netanyahu yanvarın 27-də keçirdiyi mətbuat konfransında Qəzzada Fələstin dövlətinin qurulması ilə bağlı yayılan iddiaları qəti şəkildə rədd edib. O bildirib ki, bu cür bir ssenari nə baş verib, nə də baş verəcək. Baş nazirin sözlərinə görə, İsrail təhlükəsizlik nəzarətini İordan çayından Aralıq dənizinədək, o cümlədən Qəzza zolağında davam etdirəcək.
Netanyahu qeyd edib ki, hazırda İsrailin əsas məqsədi HƏMAS-ın tərksilah edilməsi, Qəzzanın silahlardan və yeraltı tunellərdən tam təmizlənməsidir. Onun sözlərinə görə, Qəzzanın idarə olunması üçün nəzərdə tutulan milli komitənin tərkibi nə HƏMAS-ı, nə də Fələstin Administrasiyasını qane edir və İsrail bu strukturlarda hərbi qanadla əlaqəsi olan şəxslərin yer almamasını ciddi şəkildə yoxlayır.
Baş nazir çıxışında İran məsələsinə də toxunaraq, Tehrana sərt xəbərdarlıq edib. O bildirib ki, əgər İran İsrailə qarşı “ölçüsüz bir səhv” edərsə, cavab “İranın indiyədək görmədiyi gücdə” olacaq. Netanyahu əlavə edib ki, ABŞ prezidenti Donald Trampın qərarları ABŞ-ın suveren seçimidir, İsrail isə öz təhlükəsizliyi ilə bağlı qərarlarını müstəqil şəkildə verəcək.
Netanyahu daxili siyasi vəziyyətə də münasibət bildirərək, hazırkı mərhələdə İsraildə seçkilərin keçirilməsinin yanlış olacağını deyib. Onun sözlərinə görə, ölkə son dərəcə həssas bir dövrdən keçir və erkən seçkilər mövcud təhlükəsizlik və siyasi balansı poza bilər.