BAKI, TurkicWorld, Nailə Babazadə
ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyi (HHS), Prezident Donald Trampın uzunmüddətli hədəflərindən birini tamamlayaraq Amerika Birləşmiş Ştatlarının Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) ayrılma prosesinin rəsmən yekunlaşdığını açıqlayıb.
TurkicWorld xəbər verir ki, Trampın ilk dövründə başlatdığı ÜST-dən ayrılma təşəbbüsünü, ikinci dövrünün ilk günündə imzaladığı fərmanla qətiləşdirmişdi. ABŞ qanunlarına görə, təşkilatdan ayrılmaq üçün bir il öncədən bildiriş verilməli və bütün ödənilməmiş borclar bağlanmalıdır. Hazırkı vaxt etibarilə ABŞ-ın ÜST-yə təxminən 260 milyon dollar borcu var, lakin hüquq ekspertləri ABŞ-ın bu ödənişi etməsinin az ehtimal olunduğunu və ÜST-nin bu vəsaiti toplamaq üçün əlində məhdud hüquqi vasitələrin olduğunu bildirirlər.
HHS tərəfindən edilən açıqlamada ÜST-yə yönəlmiş bütün ABŞ hökumət fondlarının kəsildiyi və təşkilat bünyəsində çalışan bütün personal ilə podratçıların geri çağırıldığı ifadə edildi. ABŞ-ın ÜST sponsorluğundakı komitələr, rəhbər orqanlar və texniki işçi qruplarındakı rəsmi iştirakı da sona çatdı. Yüksək rütbəli bir administrasiya rəsmisi ÜST-nin Amerika xalqının maraqlarına zidd hərəkət etdiyini müdafiə edərək, verdikləri dəyəri, pulu və personalı geri ala bilmədiklərini, bu səbəbdən verdikləri sözü tutduqlarını qeyd etdi.
Tramp administrasiyası ÜST-dən ayrılma qərarını təşkilatın pandemiyanın başında qlobal fövqəladə vəziyyət elan etməkdə gecikməsi, Çinin məlumatları gizlətməsinə göz yumması və gözlənilən şəffaflıq islahatlarını həyata keçirməməsi kimi əsaslara söykəyir. ABŞ rəsmiləri milli səhiyyə siyasətlərinin xarici bürokratlar tərəfindən məhdudlaşdırılmasını istəmədiklərini vurğulayırlar. ÜST-dən ayrılmasına baxmayaraq, ABŞ-ın qlobal səhiyyə sahəsində liderliyini ölkələrlə birbaşa ikitərəfli müqavilələr, qeyri-hökumət təşkilatları və dini qruplar vasitəsilə davam etdirəcəyi iddia olunur. Bu yeni dövrə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) öncülük etməsi gözlənilir. Digər tərəfdən, bir çox səhiyyə eksperti bu qərarı fəlakət kimi qiymətləndirərək, qlobal strukturdan ayrılmağın ABŞ-ı yeni bioloji təhdidlərə qarşı müdafiəsiz qoya biləcəyini müdafiə edir.






