Son dəqiqə

İsrail HƏMASa iki ay möhlət verdi: silahlar təhvil verilməlidir Qəzza üçün ultimatum: silahsızlanma olmazsa müharibə bərpa ediləcək İsrail və ABŞ HƏMASın silahsızlaşdırılmasında razılığa gəlib Tel-Əviv sarı xəttdən geri çəkilməyəcəyini açıqladı İsrail ordusu yeni əməliyyat ssenarilərinə hazırlaşır İsrail’den Hamas’a iki aylık süre

İsrail HƏMAS - a iki ay möhlət verdi: silahsızlanma olmasa, müharibə bərpa ediləcək

BAKI, TurkicWorld, Orxan Qədirzadə

İsrail Qəzza zolağında fəaliyyət göstərən fələstinli silahlı qruplara, o cümlədən “HƏMAS”a silahların tam şəkildə təhvil verilməsi üçün iki ay müddət tanıyıb.

TurkicWorld xəbər verir ki, İsrail mənbələrinin bildirdiyinə görə, Tel-Əviv bu müddət ərzində “HƏMAS”ın silahsızlaşdırılmaması halında İsrail ordusunun yenidən genişmiqyaslı hərbi əməliyyatlara başlayacağı barədə xəbərdarlıq edib. Qərarın ABŞ-la tam koordinasiya şəraitində verildiyi və silahsızlanmanın məzmunu, meyarları və icrasının İsrail tərəfindən müəyyən ediləcəyi qeyd olunur.

İsrailin “Kanal 12” televiziya kanalının məlumatına əsasən, Qəzzada “Sülh Şurası” və texnokrat hökumətin formalaşdırılmasından dərhal sonra “HƏMAS”a iki aylıq müddət veriləcək. Əgər bu müddət ərzində silahlar könüllü şəkildə təhvil verilməzsə, İsrail ordusu prosesə birbaşa müdaxilə edəcək.

Məlumata görə, bu mövqeyin arxasında ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında əldə olunmuş razılaşma dayanır. Donald Tramp daha əvvəl “HƏMAS”ın silahları “asan yolla da, çətin yolla da” təhvil verəcəyini bildirib.

İsrail təhlükəsizlik strukturlarında hesab olunur ki, “HƏMAS” hərbi toqquşmalarda ciddi itkilər versə də, hələ də tam sıradan çıxmayıb və Qəzza zolağının bəzi hissələrində inzibati və hərbi nəzarəti saxlayır. İsrail mənbələri bildirir ki, mövcud keçid dövrü “HƏMAS”ın imkanlarını bərpa etməsinə, yeraltı infrastrukturunu yenidən aktivləşdirməsinə və döyüş potensialını artırmasına şərait yaradır.

Bu səbəbdən İsraildə hazırkı mərhələnin uzadılmasının qəbuledilməz olduğu vurğulanır və aydın, məhdud vaxt çərçivəsi müəyyən edildiyi bildirilir. Rəsmi dairələr qeyd edir ki, “HƏMAS”ın silahsızlaşdırılması Qəzzada hər hansı irəliləyiş üçün məcburi şərt kimi qoyulub.

Mənbələrin sözlərinə görə, İsrail “HƏMAS”ın silahsızlaşdırılması tamamlanana qədər Qəzzada formalaşdırılmış texnokrat hökumətlə yalnız məhdud və ehtiyatlı əməkdaşlıq edəcək. Eyni zamanda “sarı xətt” adlandırılan təhlükəsizlik xəttindən geri çəkilməyəcəyi vurğulanır.

Bildirilib ki, İsrail qismən və ya simvolik silahsızlanmanı qəbul etməyəcək, hədəf isə Qəzzadakı bütün silah növlərinin və tunel şəbəkəsinin tamamilə məhv edilməsidir.

“HƏMAS” daha əvvəl Qəzzada idarəetməni texnokrat hökumətə təhvil verəcəyini açıqlasa da, silahların təhvil verilməsi ilə bağlı açıq öhdəlik götürməyib. ABŞ mediasının məlumatına görə isə, “HƏMAS” gizli təmaslarda ABŞ-ın mərhələli silahsızlanma planına prinsipial olaraq müsbət siqnallar verib.

Həmin plana əsasən, ilkin mərhələdə hərbi infrastrukturun, o cümlədən tunellərin və silah istehsalı obyektlərinin məhv edilməsi, ağır silahların toplanaraq istifadəyə yararsız anbarlarda saxlanılması nəzərdə tutulur. Paralel olaraq, Qəzzada təhlükəsizliyə cavabdeh olacaq, yalnız texnokrat hökumətə tabe polis qüvvəsinin formalaşdırılması planlaşdırılır.

ABŞ və İsrail, həmçinin, fərdi silahlarını təhvil verərək hərbi fəaliyyətdən imtina edən “HƏMAS” üzvlərinə xüsusi amnistiya verilməsi imkanlarını da nəzərdən keçirir.