BAKI, TurkicWorld, Orxan Qədirzadə
ABŞ Prezidenti Donald Tramp Qrenlandiya üzərində ABŞ nəzarətinə qarşı çıxan Avropa müttəfiqlərinə qarşı iqtisadi təzyiqləri artırmaq niyyətində olduğunu bəyan edib.
TurkicWorld xəbər verir ki, Donald Tramp “Truth Social” platformasında yaydığı açıqlamada Danimarka, Finlandiya, Fransa, Almaniya, Norveç, İsveç, Niderland və Böyük Britaniyaya qarşı tariflərin tətbiq ediləcəyini bildirib. Prezidentin sözlərinə görə, fevralın 1-dən etibarən bu ölkələrə 10 faiz həcmində gömrük rüsumları qüvvəyə minəcək, iyunun 1-dən isə tariflər 25 faizə yüksələcək. Tramp qeyd edib ki, bu tədbirlər ABŞ-ın Qrenlandiyanı əldə etməsi ilə bağlı razılaşma əldə olunana qədər davam edəcək.
Açıqlama Danimarkanın müxtəlif şəhərlərində minlərlə insanın Trampın Qrenlandiya ilə bağlı planlarına qarşı etiraz aksiyaları keçirdiyi bir vaxta təsadüf edib. Kopenhagendə etirazçılar Danimarka və Qrenlandiya bayraqları ilə küçələrə çıxaraq “Kalaallit Nunaat” şüarları səsləndiriblər.
Bu aksiyalar ABŞ Konqresinin hər iki partiyasını təmsil edən nümayəndə heyətinin Kopenhagendə Danimarka və Qrenlandiya rəsmiləri ilə görüşlərindən bir neçə saat sonra baş tutub. ABŞ senatoru Kris Kuns bildirib ki, Amerika xalqı Danimarka və NATO müttəfiqlərinə hörmətlə yanaşır və tərəfdaşlığa sadiqdir.
Donald Tramp Ağ Evə qayıtdıqdan sonra dəfələrlə Qrenlandiyanın ABŞ nəzarətində olmasının zəruri olduğunu bəyan edib. O, bu həftə verdiyi açıqlamada Qrenlandiyanın ABŞ-a verilməsindən başqa hər hansı variantı “qəbuledilməz” adlandırıb.
Keçən ilin yanvarında açıqlanan rəy sorğusuna əsasən, Qrenlandiya əhalisinin 85 faizi ABŞ-a birləşməyə qarşıdır, yalnız 6 faizi bu ideyanı dəstəkləyir. Danimarka və Qrenlandiya hakimiyyətləri adanın ABŞ tərəfindən “alınması” ideyasını qəti şəkildə rədd etsələr də, Vaşinqtonun mövqeyini dəyişmək cəhdləri nəticəsiz qalıb.
Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen bildirib ki, ABŞ dövlət katibi Marko Rubio ilə Vaşinqtonda keçirilən görüşdə Amerika tərəfinin mövqeyini dəyişmək mümkün olmayıb və Trampın Qrenlandiya ilə bağlı niyyətləri açıq şəkildə qalmaqdadır.