BAKI, TurkicWorld, Orxan Qədirzadə
ABŞ administrasiyası Yaxın Şərqdəki hərbi imkanlardan istifadə etməklə İrana zərbələr endirilməsi ssenarilərini dəyərləndirir.
TurkicWorld xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Yaxın Şərqdə yerləşən Amerika esmineslərindən buraxılan “Tomahawk” tipli qanadlı raketlərin İrana qarşı tətbiqini nəzərdən keçirir. Məlumata əsasən, mümkün əməliyyat çərçivəsində ABŞ-ın regiondakı hərbi bazalarından qalxa bilən döyüş təyyarələri və bombardmançıların da istifadəsi istisna edilmir.
Hazırda bölgədə ABŞ-ın aviadaşıyıcı zərbə qrupunun olmamasına baxmayaraq, Vaşinqtonun İrana qarşı hərbi zərbə endirmək üçün kifayət qədər resursu mövcuddur. WSJ-in məlumatına görə, Karib hövzəsində 12 Amerika hərbi gəmisi cəmləşdiyi halda, Yaxın Şərqdə bu rəqəm altıdır.
Bundan əvvəl ABŞ mediası ölkənin Havay adalarındakı Sakit okean bazasına səkkiz ədəd KC-135 Stratotanker yanacaq doldurma təyyarəsinin və bir neçə E-3 Sentry uzaqmənzilli radiolokasiya və idarəetmə təyyarəsinin göndərildiyini yazmışdı. Rəsmi mənbələr bu təyyarələrin ABŞ Hərbi Hava Qüvvələri və Milli Qvardiya üçün real döyüş hazırlığını təmin edən “Sentry Aloha” təlimləri çərçivəsində iştirak etdiyini bildirib.
Verilən məlumatlarda ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi zərbə variantını müzakirə etdiyi, lakin belə bir əməliyyatın qısa müddətli, sərt və uzunmüddətli müharibəyə çevrilməməsi şərtini irəli sürdüyü qeyd olunur. NBC News-un məlumatına görə, Tramp milli təhlükəsizlik komandasına açıq şəkildə bildirib ki, hərbi gücdən istifadə ediləcəyi təqdirdə əməliyyat dərhal nəticə verməlidir.