Bakı, TurkicWorld, Orxan Qədirzadə
Danimarka hakimiyyəti ABŞ tərəfindən Qrenlandiya üzərində mümkün nəzarətə dair açıqlamalar fonunda adanın müdafiə imkanlarını gücləndirmək niyyətini bəyan edib.
TurkicWorld məlumatına görə Danimarkanın müdafiə naziri Troels Lund Poulsen bildirib ki, Kopenhagen Qrenlandiyada hərbi mövcudluğu artıracaq və 2026-cı ildə Arktikada birgə təlimlərin və NATO mövcudluğunun genişləndirilməsi ilə bağlı müttəfiqlərlə məsləhətləşmələr aparır.
Nazirin sözlərinə görə, Danimarka və Qrenlandiya təhlükəsizlik məsələlərinin yalnız NATO çərçivəsində, müttəfiqlərlə koordinasiya əsasında həll edilməsində israrlıdır. Danimarka və Qrenlandiyanın xarici işlər nazirləri də ABŞ-la danışıqlarda vahid mövqedən çıxış edəcəklərini təsdiqləyərək, adanın Danimarka Krallığının ayrılmaz hissəsi olduğunu və satış mövzusu olmadığını vurğulayıblar.
Bu fonda Fransa prezidenti Emmanuel Macron Qrenlandiyanın suverenliyinin pozulmasının “misilsiz kaskad nəticələrə” səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Paris rəsmiləri Fransanın Danimarka və Qrenlandiyanın qanuni hakimiyyətləri ilə tam həmrəylik nümayiş etdirəcəyini bəyan ediblər.
ABŞ-da isə bir qrup senator NATO üzvü olan ölkələrin ərazilərinin onların razılığı olmadan ələ keçirilməsinin və ya işğalının qarşısını almağa yönəlmiş ikipartiyalı qanun layihəsi təqdim edib. Sənəd Pentaqon və Dövlət Departamentinin vəsaitlərinin müttəfiq ərazilər üzərində nəzarət yaratmaq, o cümlədən anneksiya və hərbi əməliyyatlar üçün istifadəsini qadağan etməyi nəzərdə tutur. Senatorlar bildiriblər ki, bu cür niyyətlər alyansın əsaslarını sarsıdır və Konqresdə ciddi narazılıq doğurur.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Qrenlandiyanın əldə edilməsinin vacibliyi ilə bağlı bəyanatları Avropada kəskin reaksiyaya səbəb olub. Bir sıra Avropa siyasətçiləri bunu müttəfiqlərin ərazi bütövlüyünə ciddi çağırış kimi qiymətləndirir.