Bakı. TurkicWorld
ABŞ Prezidenti Donald Trampın administrasiyası Yaxın Şərqdə “Müsəlman Qardaşları” (“İxvan”) hərəkatının üç qolunu terror təşkilatları kimi tanımaqla bağlı verdiyi vədi yerinə yetirib və onlara, eləcə də üzvlərinə qarşı sanksiyalar tətbiq edib.
ABŞ-ın Xəzinədarlıq və Dövlət departamentləri çərşənbə axşamı yaydıqları birgə açıqlamada “İxvan”ın Livan, İordaniya və Misirdəki strukturlarına qarşı məhdudlaşdırıcı tədbirlərin qüvvəyə mindiyini bildirib. Qeyd olunub ki, bu qurumlar ABŞ və onun regional maraqları üçün təhlükə yaradır.
Dövlət Departamenti “İxvan”ın Livandakı qolunu “xarici terror təşkilatı” kimi təsnif edib. Bu status ən sərt hüquqi kateqoriya hesab olunur və təşkilata maddi və ya logistik dəstək göstərilməsi ABŞ qanunvericiliyinə əsasən cinayət məsuliyyəti yaradır.
İordaniya və Misirdəki qollar isə Xəzinədarlıq Departamenti tərəfindən “xüsusi olaraq təyin edilmiş qlobal terror təşkilatları” siyahısına daxil edilib. Rəsmi açıqlamada bu qərarın əsas səbəbi kimi sözügedən strukturların HƏMAS hərəkatına verdiyi maliyyə və təşkilati dəstək göstərilib.
ABŞ rəsmiləri vurğulayıb ki, qərar regionda terror şəbəkələrinin maliyyələşdirilməsinin qarşısını almaq və Yaxın Şərqdə təhlükəsizlik balansını gücləndirmək məqsədi daşıyır.







