BAKI, TurkicWorld, Orxan Qədirzadə
Birləşmiş Millətlər Təşkilatı (BMT) Sudanda davam edən silahlı münaqişə fonunda yaxın gələcəyə dair nikbin mövqedə deyil.
TurkicWorld-un məlumatına görə, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Sudandakı nümayəndəsi Mari-Elen Vernet “Anadolu” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Sudanda böhranın nizamlanması məqsədilə çoxsaylı siyasi danışıqlar aparılsa da, real vəziyyət “yerində” yaxın perspektiv üçün müsbət gözləntilərə əsas vermir. Vernet qeyd edib ki, son iki ay ərzində silahlı qarşıdurmalar daha da şiddətlənib.
BMT rəsmisi Darfur bölgəsinin Şimali Darfur ştatında yerləşən Əl-Faşir şəhərində oktyabr ayının sonlarında son dərəcə ağır hadisələrin baş verdiyini, şəhərdən qaçan dinc sakinlərə qarşı zorakılıq hallarının müşahidə olunduğunu bildirib. Onun sözlərinə görə, döyüşlər hazırda həm Şimali Darfurda, həm də Darfurun şərqində yerləşən Kordofan bölgəsində davam edir və son iki həftə ərzində pilotsuz uçuş aparatlarından zərbələr endirilib.
Vernet əlavə edib ki, BMT uzun müddətdir Sürətli Reaksiya Qüvvələrinin (SRQ) nəzarətinə keçmiş Əl-Faşir şəhərinə giriş əldə edə bilmir. Hazırda UNHCR və digər BMT qurumları Əl-Faşirdən qaçan insanların sığındığı Tavila bölgəsində fəaliyyət göstərir.
Onun sözlərinə görə, Əl-Faşir beynəlxalq diqqət mərkəzində olsa da, Kordofandakı vəziyyət hazırda daha ciddi narahatlıq doğurur və BMT əvvəlki illərdə Cənubi Kordofan və Əl-Faşirdə baş verən humanitar fəlakət ssenarisinin təkrarlanmaması üçün səylərini davam etdirir.
UNHCR nümayəndəsi bildirib ki, Tavila bölgəsində rəsmi qeydiyyat aparılmasa da, burada təxminən 700 min daxili köçkün ola bilər və bölgəyə humanitar çıxış ciddi şəkildə məhdudlaşıb.
Xatırladaq ki, 2023-cü ilin aprelində başlayan münaqişə nəticəsində Sudanda 12–14 milyon insan evlərini tərk etməyə məcbur olub. Onlardan təxminən 2 milyonunun əvvəlki yaşayış yerlərinə qayıtdığı ehtimal olunur. Qayıdanların təxminən 60 faizi ciddi şəkildə dağıdılmış Xartum şəhərinə yönəlib.
Vernet vurğulayıb ki, insanların geri qayıdışı mühüm fürsətdir, lakin su təchizatı, elektrik şəbəkəsi və səhiyyə müəssisələri kimi əsas infrastrukturun dağıdılması səbəbindən təkcə humanitar yardım deyil, eyni zamanda bərpa və inkişaf tədbirləri də zəruridir.
Qeyd edək ki, Sudanda ordu ilə xaricdən dəstəklənən Sürətli Reaksiya Qüvvələri arasında döyüşlər 15 aprel 2023-cü ildən davam edir. Darfurun ən böyük şəhəri olan Əl-Faşir şiddətli döyüşlərdən sonra əsasən SRQ-nin nəzarətinə keçib. Sosial şəbəkələrdə yayılan videolarda dinc əhaliyə qarşı zorakılıq, qətl və işgəncə faktları əks olunub.