BAKI, TurkicWorld, Orxan Qədirzadə
Livan məhkəməsi korrupsiya ittihamları ilə altı ay həbsdə saxlanılan sabiq iqtisadiyyat naziri Amin Salamın girov qarşılığında azadlığa buraxılmasını təsdiqləyib.
TurkicWorld-un məlumatına görə, məhkəmə orqanları Amin Salam barəsində doqquz milyard Livan funtu (təxminən 100 min ABŞ dolları) məbləğində girov və ölkədən çıxış qadağası tətbiq edib. Girovun ödənildiyi, hazırda isə onun həbsxanadan azad edilməsi üçün prosedurların davam etdiyi bildirilir.
Qeyd edək ki, Amin Salam 2021–2025-ci illərdə keçmiş baş nazir Nəcib Mikati hökumətində iqtisadiyyat naziri vəzifəsində çalışıb və 2019-cu ildən bəri davam edən iqtisadi böhran fonunda həbs olunan yeganə sabiq nazirdir.
Məlumata görə, Salam “saxtakarlıq, vəsaitlərin mənimsənilməsi və şübhəli müqavilələr” üzrə istintaqa cəlb edilib. Onun müşaviri Fadi Tamim 2023-cü ildə sığorta şirkətlərindən şəxsi gəlir əldə etmək və şantaj ittihamı ilə bir il həbs cəzasına məhkum olunub.
Eyni zamanda, sabiq nazirin qardaşı Kərim Salam da bu ilin əvvəlində qeyri-qanuni varlanma, saxtakarlıq və sığorta şirkətlərinin sıxışdırılması ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb. İstintaq orqanlarının məlumatına görə, həmin əməllər nazirin vəzifə səlahiyyətlərindən istifadə edilməklə törədilib.
Livan cəmiyyətində dərin iqtisadi böhran əsasən uzun illər dövlət institutlarında mövcud olmuş idarəetmə problemləri və korrupsiya ilə əlaqələndirilir.
Bu il vəzifəyə başlayan Prezident Cozef Aun və Baş nazir Nəvvaf Salam beynəlxalq donorların tələb etdiyi islahatlar çərçivəsində korrupsiyaya qarşı mübarizəni prioritet elan ediblər. Rəsmi Beyrut məhkəmə sisteminin müstəqilliyinin qorunacağını və istintaqlara siyasi müdaxilənin qarşısının alınacağını bəyan edib.
Xatırladaq ki, sentyabr ayında Livanın Mərkəzi Bankının keçmiş rəhbəri Riyad Səlame də bir ildən artıq həbsdən sonra 14 milyon dollardan çox rekord girov ödəməklə azadlığa buraxılmışdı.