BAKI, TurkicWorld, Orxan Qədirzadə
İsrail mediasında Qəzza Zolağında yaradılması gündəmdə olan beynəlxalq qüvvə planı və bu çərçivədə Türkiyənin mümkün iştirakı geniş müzakirə olunub.
TurkicWorld xəbər verir ki, İsrail mətbuatında dərc olunan analizlərdə planın regional balanslara təsiri ilə bağlı fərqli yanaşmalar yer alır.
Dərc olunan məqalələrdə ABŞ administrasiyasının Qəzza üçün nəzərdə tutulan beynəlxalq stabilizasiya qüvvəsinə dair danışıqları, eləcə də Türkiyənin Orta Şərqdə artan diplomatik aktivliyi kontekstində qiymətləndirilib. Haaretz və Yerusəlim Post-da yer alan şərhlərdə, Türkiyənin belə bir qüvvədə iştirakının Vaşinqton və regional aktorlar üçün strateji nəticələr doğura biləcəyi qeyd edilib.
The Jerusalem Post-a danışan region üzrə israilli analitik Tzvi Yecheskeli, ABŞ–Türkiyə danışıqlarının davam etdiyini və müxtəlif ssenarilərin nəzərdən keçirildiyini bildirib. Analitik, Türkiyə qüvvələrinin mümkün yerləşdirilməsinin regiondakı təhlükəsizlik dinamikalarına təsiri barədə fərziyyələr səsləndirib.
Haaretz qəzetində dərc olunan başqa bir təhlildə ABŞ Prezidenti Donald Trampın Türkiyənin F-35 proqramına yenidən daxil edilməsi ilə bağlı açıqlamaları və bunun İsrailin regional hava gücü balansına təsiri müzakirə olunub. Nəşr, İsrailli rəsmilərin həm Səudiyyə Ərəbistanının mümkün F-35 alışı, həm də Türkiyənin bu təyyarələrə marağı ilə bağlı qiymətləndirmələrinə yer verib.
Eyni təhlildə Türkiyənin Misir ilə “Kaan” döyüş təyyarələrinin satışı ilə bağlı danışıqlar aparması da qeyd edilib.
Haaretz-in başqa bir materialında Tramp–Ərdoğan təmaslarının regiondakı siyasət mövzularına, xüsusən də Suriya məsələsində tərəflərin mövqelərinin yaxınlaşmasına diqqət çəkildiyi bildirilir. Təhlildə Trampın Suriya ilə bağlı Türkiyə siyasətinə müsbət yanaşmasının İsrail siyasi müstəvisində müxtəlif reaksiyalar yaratdığı qeyd olunub.
Bəzi İsrail mənbələri həmçinin ABŞ Prezidenti Trampın Golan təpələri ətrafında baş verən əməliyyatlara görə İsrail Baş naziri Binyamin Netanyahuya yönəlmiş tənqidi ifadələrinin də daxil olduğu diplomatik gərginliklərdən bəhs edib.