BAKI, TurkicWorld, Orxan Qədirzadə
Nyu-Yorkun seçilmiş meri Zöhrab Mamdani federal miqrasiya agentliyinin (ICE) son reydindən sonra şəhərin miqrantlarına “susmaq və ICE ilə əməkdaşlıq etməmək hüququna” sahib olduqlarını açıqlayıb. O, sosial şəbəkədə paylaşdığı videoda üç milyon immiqrantın təhlükəsizliyinin şəhər administrasiyası üçün prioritet olduğunu deyib.
TurkicWorld xəbər verir ki, Mamdani videomüraciətində miqrantların ICE agentləri ilə danışmaqdan imtina edə biləcəyini, onları müdaxilə etmədən çəkə biləcəyini və agentlərin xüsusi məkanlara daxil olmaq tələblərini rədd etmək hüququna malik olduğunu bildirib. Onun sözlərinə görə, ICE yalnız hakim imzası olan order təqdim etdikdə evə, məktəbə və ya iş yerinin qapalı sahəsinə daxil ola bilər.
Mamdani əlavə edib ki, ICE əməkdaşlarının “yalan danışması qanuni sayılsa da”, saxlanılan şəxslər hər zaman “Mən buradan gedə bilərəmmi?” sualını təkrarlaya bilərlər. O, yanvarın 1-də mer kimi and içəcək.
Açıqlama bir həftə əvvəl Manhattanın Canal Street ərazisində ICE-in reyd keçirməsi zamanı etiraz aksiyalarının təşkil olunmasından sonra verilib. Həmin ərazidə ötən ilin oktyabrında keçirilən analoji əməliyyat da kütləvi etirazla qarşılanmışdı.
“Nyu-York həmişə miqrantların şəhəri olacaq və mən hər gün onların müdafiəsi üçün mübarizə aparacağam,” - deyə Mamdani videoda bildirib.
O, bir neçə həftə əvvəl Ağ Evdə Prezident Donald Trampla görüşmüşdü.
Xatırladaq ki, Tramp administrasiyası hazırda bir neçə ABŞ şəhərində federal miqrasiya əməliyyatları keçirir.