BAKI, TurkicWorld
İranın xarici işlər naziri Abbas Arakçi ABŞ-la danışıqların hazırda mümkün olmadığını açıqlayıb. O bildirib ki, Vaşinqtondan “müsbət və konstruktiv siqnallar” gəlmədiyi üçün Tehran masaya qayıtmaq niyyətində deyil. Arakçinin sözlərinə görə, yalnız ABŞ bərabər şərtlərlə danışıqlara hazır olsa, qarşılıqlı faydalı razılaşma əldə etmək mümkündür.
TurkicWorld xəbər verir ki, nazirin müavini Səid Xətibzadə də Yaponiyada keçirilən beynəlxalq tədbirdə oxşar mövqeni səsləndirib. O bildirib ki, ABŞ real siyasi iradə nümayiş etdirərsə, nüvə razılaşmasının yenilənməsi mümkündür. Xətibzadə vurğulayıb ki, İranın raket proqramı müzakirə edilə bilməz, çünki bu proqram ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaq məqsədi daşıyır.
O həmçinin qeyd edib ki, zədələnmiş nüvə obyektlərinə giriş məhduddur və Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlıq üçün yeni mexanizmlərin yaradılması tələb olunur. İran tərəfi beynəlxalq qurumlarla “müsbət və praktiki əməkdaşlığa” hazır olduğunu bəyan edib.







