Son dəqiqə

Çin COVİD-19 COVID-19 və antibiotik müqaviməti COVID-19 yay mövsümü 2025-ci ildə COVID-19 yoluxmaların pik nöqtəsi COVID-19 simptomları Çində son vəziyyət

Çin mütəxəssisləri yeni yoluxmalar barədə xəbərdarlıq edir

BAKI, TurkicWorld

Çində COVID-19 yay mövsümündə artır, iyundan etibarən azalma gözlənilir

TurkicWorld xəbər verir ki, Çində COVID-19 yoluxmalarının yaz aylarında mövsümi artımı müşahidə olunsa da, yeni dalğanın may ayında pik nöqtəyə çatacağı və iyun ayından etibarən azalmağa başlayacağı gözlənilir.

“The Paper” nəşrinin məlumatına görə, tanınmış yoluxucu xəstəliklər mütəxəssisi Conq Nanşan Quançjou şəhərində iştirak etdiyi tədbirdə bildirib ki, yaz aylarında ölkədə COVID-19 yoluxmaları artır və hazırkı artım mart-may aylarını əhatə edir. Onun sözlərinə görə, mayda pik nöqtəyə çatacaq yoluxmalar iyundan etibarən enməyə başlayacaq.

Çin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) mayın 8-də dərc etdiyi hesabatda da qeyd olunub ki, 31 mart–4 may tarixləri arasında COVID-19 aşkarlanma nisbəti 7,5 faizdən 16,2 faizə yüksəlib. Apreldə ölkə üzrə 168 508 nəfərə diaqnoz qoyulub və götürülən nümunələrin hamısında Omicron və onun XDV alt variantları müəyyən edilib.

Mütəxəssislər qeyd edirlər ki, hazırkı artım genişmiqyaslı epidemiyaya səbəb olacaq səviyyədə deyil. Lakin vətəndaşlara fərdi qoruyucu tədbirləri görmək, xüsusilə yaşlıların və xroniki xəstəlikləri olan şəxslərin simptomlarla xəstəxanaya müraciət etməsi tövsiyə olunur.

Qeyd edək ki, COVID-19 ilk dəfə 2019-cu ilin sonunda Çinin Uhan şəhərində aşkarlanıb və qısa müddətdə bütün dünyaya yayılaraq milyonlarla insanın ölümünə səbəb olub. Qlobal miqyasda tətbiq edilən karantin və məhdudiyyətlər həm sosial həyata, həm də iqtisadiyyata ciddi təsir göstərib.

Mövzuya görə xəbərlər