Bakı, TurkicWorld
2004-cü il dekabrın 26-da Hind okeanında baş verən 9,1 bal gücündə zəlzələ, müasir tarixdə qeydə alınmış ən dağıdıcı təbii fəlakətlərdən birinə səbəb olub.
Nəhəng sunami dalğaları 14 ölkənin sahillərini vuraraq, təxminən 230.000 insanın həyatını itirməsinə və milyonlarla insanın evsiz qalmasına gətirib çıxarıb.
Zəlzələ İndoneziyanın Sumatra adasının qərb sahillərində, episentrə yaxın ərazidə baş verib. Təxminən 8-10 dəqiqə davam edən zəlzələdən sonra 30 metr yüksəkliyində sunami dalğaları formalaşaraq genişmiqyaslı dağıntılar yaradıb.
Fəlakət İndoneziya, Hindistan, Şri-Lanka, Tailand, Maldiv adaları, Malayziya, Myanma, Seyşel adaları və Somalinin sahil bölgələrini vurub. İndoneziyanın Aceh əyaləti ən çox zərər çəkən bölgə olub. Burada təxminən 130.700 nəfər həyatını itirib, 565.000 insan evsiz qalıb və yüz minlərlə bina tamamilə dağılıb.
Sunaminin qəfil baş verməsi, erkən xəbərdarlıq sistemlərinin və dəniz səviyyəsini izləyən cihazların kifayət qədər inkişaf etməməsi səbəbindən zərərin miqyasını daha da artıb. Bir çox insan xəbərdarlıq edilmədən sunami dalğalarının qurbanı olub.
Sunaminin təsirləri iyirmi ildən sonra da hiss olunmaqdadır. Həyatını itirənlərin ailələri itkilərinin acısını daşımağa davam edir. Hadisə həm də beynəlxalq səviyyədə sunami monitorinqi və erkən xəbərdarlıq sistemlərinin inkişaf etdirilməsi üçün dönüş nöqtəsi olub.
ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyası bu faciəni "oyanış zəngi" adlandırıb və həmin vaxtdan etibarən sunami risklərini azaltmaq üçün yeni texnologiyalar və metodlar tətbiq olunub. Sunami monitorinq sistemləri və seysmik məlumatların sürətli təhlili sayəsində bənzər fəlakətlərin təsirini azaltmaq mümkün olub.