Bakı, TurkicWorld
İtaliyanın paytaxtı Roma şəhərindəki məşhur Trevi Fəvvarəsi (Fontana di Trevi) geniş təmir işlərindən sonra yenidən açılıb.
TurkicWorld xəbər verir ki, fəvvarədə oktyabr ayında başlanmış təmir, baxım və təmizlik işləri başa çatıb.
Bu işlərin həyata keçirilməsi zamanı ziyarətçilərin marağını itirməməsi üçün fəvvarənin böyük hovuzunun üzərində gəzinti cığırı qurulmuşdu.
Təmir prosesi 3 ay davam edib və ümumilikdə 327 min avroya başa gəlib. Layihə İtaliyanın Avropa İttifaqından təmin etdiyi bərpa fondundan maliyyələşdirilib.
Roma Bələdiyyəsinin verdiyi açıqlamaya görə, fəvvarə ətrafında izdihamın qarşısını almaq üçün eyni anda yalnız 400 nəfərin daxil olmasına icazə veriləcək. Giriş pulsuz olacaq və hər gün saat 09:00-dan 21:00-dək məhdud sayda ziyarətçi qəbul ediləcək. Axşam saatlarından sonra isə bu məhdudiyyət tətbiq olunmayacaq.
Roma Bələdiyyə Başçısı Roberto Qualtieri fəvvarənin əvvəlki görkəminə qaytarıldığını vurğulayıb və mərmərin təmizlənməsindən sonra rənglərinin daha aydın göründüyünü bildirib. Bundan əlavə, fəvvarə ətrafında oturmağa icazə verilməyəcəyi açıqlanıb.
Qeyd edək ki, tarixi baxımdan əhəmiyyətli olan Trevi Fəvvarəsi 18-ci əsrdə italyan memar Nikola Salvini tərəfindən inşa edilib. Fəvvarə sonuncu dəfə 2014-cü ildə geniş bərpadan keçmişdi.