Son dəqiqə

Çin Mars

Marsda qədim bir okeanın varlığına dair dəlillər tapılıb

Bakı, TurkicWorld

Çin Roveri Zhurong Marsda qədim okeanın mövcudluğuna dair yeni dəlillər aşkar edib.

TurkicWorld xəbər verir ki, 2021-ci ildə Marsa enən Zhurong, o zamandan bəri Marsın səthini tədqiq edərək, yeni nəticələri Scientific Reports jurnalında yayımlayıb.

Zhurong-un tapıntılarına əsasən, Qırmızı planetin şimal yarımkürəsindəki Utopiya bölgəsində bir vaxtlar geniş bir okeanın olduğu ehtimal edilir. Araşdırmalar zamanı qədim sahil xəttinin izlərinə rast gəlinib, bu da həmin ərazinin bir vaxtlar su ilə örtülü olduğunu göstərir.

Hong Kong Politexnik Universitetindən Bo Vu, tədqiqatlarda eniş bölgəsində qədim okeanın izləri olaraq qəbul edilən strukturlar aşkar edildiyini bildirib. Əvvəlki araşdırmalarda bu konusların su və ya buz olan ərazilərdə palçıq vulkanlarından qaynaqlandığı düşünülüb.

Tədqiqatçılar Marsdakı qədim okeanın təxminən 3.7 milyard il əvvəl daşqın nəticəsində əmələ gəldiyini irəli sürürlər. Pennsylvania Dövlət Universitetinin alimi Benjamin Cardenas isə bu yeni araşdırmaya ehtiyatla yanaşaraq, tədqiqatçıların Marsdakı külək və qaya eroziyasının təsirlərini kifayət qədər nəzərə almadığını qeyd edib.

Tədqiqatın aparıcı müəllifi Bo Vu isə küləyin bəzi qayaları məhv etdiyini qəbul etsə də, meteorit zərbələrinin yeraltı qayaları və çöküntüləri səthə çıxara biləcəyini bildirib.

Okeanın Marsda varlığı barədə sübutlar tapmaq, planetin yaşayış qabiliyyətinə dair böyük əhəmiyyət kəsb edir. Cardenas qeyd edib ki, əksər alimlər Yerdəki həyatın okeanlar və ya gelgit hovuzları kimi su ilə zəngin ərazilərdə formalaşdığına inanırlar. Marsda okeanın sübutlarını tapmaq planetin bir zamanlar həyat üçün əlverişli şərait yaratdığını göstərə bilər və elm adamlarına Marsdakı mümkün keçmiş həyatın izlərini daha dərindən araşdırmaq imkanı verə bilər.

Mövzuya görə xəbərlər