Bakı, TurkicWorld
Qərbi Afrika ölkələri Mali, Niger və Burkina Fasodan ibarət Sahel Dövlətləri Alyansı (AES) öz aralarında əməkdaşlıq və təhlükəsizliyi artırmaq üçün ortaq pasport sistemi tətbiq edəcəklər.
TurkicWorld xəbər verirki, AES-in prezidenti və Malidəki keçid hökumətinin lideri Assimi Qoita, AES-in yaradılmasının birinci ildönümü ilə əlaqədar bir televiziya kanalına müsahibə verib.
Qoita verdiyi açıqlamada üç ölkə arasında hərəkətliliyi asanlaşdıracaq ortaq “biometrik pasport” tətbiq ediləcəyini bildirib.
Bölgədə terror qruplaşmalarına qarşı mühüm nailiyyətlər əldə etdiklərini qeyd edən Qoita AES-in regional tərəfdaşlarla yanaşı, beynəlxalq tərəfdaşlarla da danışıqlara açıq olduğunu deyib.
“Üç ölkə arasında əməkdaşlıq terrorçu qrupları əhəmiyyətli dərəcədə zəiflətməklə yanaşı, həm də regionda təhlükəsizliyin artırılmasına töhfə verir” – deyə Qoita bildirib.
Həmçinin o, açıqlama zamanı AES-ə daxil ölkələr üçün birgə televiziya kanalı yaradılacağını deyib.
Xatırladaq ki, Mali, Niger və Burkina Faso keçən il Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən (ECOWAS) çıxaraq Sahel Dövlətləri Alyansını (AES) qurdular.
Üç ölkə iyulun 6-da Nigerin paytaxtı Niameydə ilk sammitini keçirib. Sammitdə 3 ölkədən ibarət “Sahel Dövlətləri Konfederasiyası”nın yaradılması ilə bağlı ortaq bəyannamə imzalanıb və Mali prezidenti Assimi Qoita 1 il müddətinə AES-in müddətli prezidenti seçilib.