Bakı, TurkicWorld
Fransanın istefa vermiş hökuməti səhiyyə orqanlarını hədəf əhalinin peyvənd edilməsi ilə bağlı tövsiyələri yeniləmək üçün gələcək tədbirlər haqqında qərar verməyə çağırıb.
TurkicWorld xəbər verir ki, meymunçiçəyinin (mpox) tüğyan etdiyi Afrika qitəsindən kənarda ilk dəfə İsveçdə qeydə alınmasından və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropada yeni yoluxma halları ehtimalının çox yüksək olduğu barədə xəbərdarlığından sonra Fransa səhiyyə sisteminin maksimum sayıqlıq vəziyyətinə gətirilməsi qərara alınıb.
Hökumət riskli bölgələrə gedən və oradan qayıdan səyahətçilər üçün yeni məlumatlandırma və məsləhət aksiyaları həyata keçirir. Regional səhiyyə agentliklərinə risk altında olan əhali ilə bağlı ictimai səhiyyə qurumlarına, mütəxəssislərə və assosiasiyalara ən son məlumatları və tibbi tövsiyələri çatdırmaq tapşırılıb.
Qeyd edək ki, Meymunçiçəyi kimi tanınan "Mpox" yaxın fiziki təmasla ötürülür. Xəstəlik qripəbənzər simptomlara, habelə dəridə irinli yaralara səbəb olur. Uşaqlar, hamilə qadınlar və immun sistemi zəif olan insanlarda fəsadlar riski daha yüksəkdir.