ABŞ-la vaxtaşırı görüşürük – Əsəd

ABŞ-la vaxtaşırı görüşürük – Əsəd

Bakı,TurkicWorld

Suriya prezidenti Bəşər Əsəd ölkəsinin 10 ildən çox təcrid vəziyyətində qalmasından sonra Vaşinqtonla “zaman-zaman” görüşlər keçirdiyini bildirib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, rejim lideri onu da bildirib ki, ABŞ Suriya torpaqlarını işğal edib.

“Amerika hazırda bəzi torpaqlarımızı qeyri-qanuni şəkildə işğal edir, terroru maliyyələşdirir və torpaqlarımızı işğal edən İsrailə dəstək verir. Amma bu bütün bunlara baxmayaraq, zaman-zaman onlarla görüşürük”-deyə bildirib.

Danışıqlarda kimin iştirak etdiyi və nəyin müzakirə olunduğu ilə bağlı əlavə məlumat verməyən Əsəd Qərblə dialoqa ümidin hər zaman olduğunu bildirib.

“Ümid həmişə var, onlar haqqında pis düşüncələrimizə baxmayaraq, Qərbəə başa salmalıyıq ki. Biz fikrimizdən əl çəkməyəcəyik. Biz onlarla ancaq bərabərlik əsasında əməkdaşlıq edəcəyik. Mən onların elmi və mədəni nailiyyətlərinə hörmətlə yanaşıram və bu nailiyyətlər onları gücləndirir. Lakin ölkəmiz onların kodları ilə idarə edilə bilməz”-deyə Əsəd bildirib.

Qeyd edək ki, 2011-ci ildə Suriyada vətəndaş müharibəsinin başlaması ilə ABŞ Əsəd administrasiyası ilə bütün diplomatik əlaqələri kəsdi və Suriyaya qarşı sanksiyalar tətbiq etməyə başladı. ABŞ-ın bu qərarından sonra bir çox Qərb dövlətləri və bəzi ərəb ölkələri Suriya ilə əlaqələrini kəsdi.

Digər tərəfdən, Suriya keçən il ərəb dünyası ilə münasibətləri bərpa etməyə üz tutdu. 11 ildən sonra 2023-cü ilin dekabrında Səudiyyə Ərəbistanına səfir təyin edən Suriya ABŞ-ın müttəfiqi olan varlı Körfəz ölkələri ilə Suriyanın yenidən qurulmasını maliyyələşdirə biləcəkləri ümidi ilə daha yaxşı əlaqələr qurmağa çalışıb.

Lakin ABŞ başda olmaqla Qərb dünyasının sanksiyaları bu münasibətlərin irəliləyişinə maneə kimi qiymətləndirilir. 2020-ci ildə ABŞ Suriya hökuməti ilə hər hansı maliyyə və ya texnoloji əməkdaşlıq edən hər hansı şəxs və ya təşkilatın qadağan edilməsini özündə ehtiva edən Sezar Aktını qəbul etdi. Qanuna görə, müvafiq şəxs və ya təşkilatın ABŞ-dakı aktivləri dondurula bilər və onların ABŞ-dan viza alması qadağandır.