İsrail Əl-Cəzirə televiziyasının yayımının dayandırılması üçün qanun layihəsini təsdiqləyib

İsrail Əl-Cəzirə televiziyasının yayımının dayandırılması üçün qanun layihəsini təsdiqləyib

Bakı. TurkicWorld:

İsrail parlamenti Qətərdə fəaliyyət göstərən Əl-Cəzirə televiziyasının İsraildə yayımının qarşısının alınması ilə bağlı qanun layihəsini ikinci və üçüncü səsvermədə təsdiqləyib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, İsrail Baş naziri Benyamin Netanyahu X sosial media platformasındakı paylaşımında Əl-Cəzirənin İsrail təhlükəsizliyinə zərər verdiyini, 7 oktyabr hücumlarında fəal iştirak etdiyini və İsrail əsgərlərinə qarşı təxribatçı ifadələr işlətdiyini iddia edib.

ABŞ isə İsrailin bu qərarından narahatlığını ifadə edib.

"ABŞ olaraq dünyanın müxtəlif yerlərində çalışan jurnalistlərin, o cümlədən Qəzzadakı münaqişəni işıqlandıran mətbuat nümayəndələrinin işini dəstəkləyirik", - deyə Ağ Evin sözçüsü Jan-Pyer vurğulayıb.

HƏMAS isə açıqlamasında İsrailin Əl-Cəzirə qərarının Netanyahunun törətdiyi dəhşətli cinayətləri və faktları ört-basdır etmək səyini göstərdiyini bildirib.

Xatırladaq ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 33 minə yaxın fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.
UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.
Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

X: Lamanasadli01