ABŞ Qəzzanın şimalına havadan yardım göndərib

ABŞ Qəzzanın şimalına havadan yardım göndərib

Bakı. TurkicWorld:

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Qəzzanın şimalına havadan 50 min 600-dən çox yeməyə bərabər olan 80 paket humanitar yardım göndərib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə CENTCOM öz rəsmi X sosial media hesabında bildirib.

Yardım zamanı Qəzzaya 50 min 600-dən çox yeməyə bərabər olan 80 humanitar yardım paketinin havadan atıldığı, paketlərdənbeşinin paraşütünün açılmamasına baxmayaraq, heç bir problem yaşanmadığı qeyd edilib.

Açıqlamada ABŞ-ın havadan humanitar yardımı davam etdirəcəyi də bildirilib.

Xatırladaq ki, CENTCOM martın 17-də Qəzza zolağının şimalına 28 min 800 yemək və 34 min 500 yarım litrlik şüşə su yardımını hava yolu ilə göndərdiyini açıqlayıb.

Qəzzanın səhiyyə rəsmilərinə görə, İsrailin Qəzzanı işğal etməsi 31 mindən çox insanın ölümünə səbəb olub, anklavın çox hissəsini xarabalığa çevirib və Qəzzanın 2,3 milyon əhalisinin 80 faizini köçkün vəziyyətinə salıb.
Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 32 minə yaxın fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin çərşənbə günü Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.
UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.
Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

X: Lamanasadli01