Rusiya XİN Ermənistanın KTMT ilə bağlı ittihamlarını rədd etdi

Rusiya XİN Ermənistanın KTMT ilə bağlı ittihamlarını rədd etdi

Bakı. TurkicWorld:

Erməni hakimiyyətinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) öz mandatını icra etməməsi ilə bağlı qınaqları qəbuledilməzdir.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifiniqdə deyib.

"2022-ci ilin sentyabr ayında İrəvanın xahişi ilə sərhəd rayonlarına KTMT-nin qiymətləndirmə missiyası göndərilib. Missiyanın yerləşdirilməsi barədə qərar qəbul olunub. Bunun rədd edilməsi nə bizim, nə də digər KTMT üzvlərinin təqsiridir. İrəvan nümayişkaranə şəkildə Avropa İttifaqından psevdomüşahidəçilər dəvət etmək qərarına gəldi. Hamıya məlum olan faktlar bu nümayəndələrin sıfır effektivliyinə dair şübhə yeri saxlamır. Bununla belə, Ermənistan KTMT üzvü olmağa davam edir. Ümid edirəm, İrəvan anlayacaq ki, mövcud təlaşlar etimadlı dialoqda müzakirə olunmalı və aradan qaldırılmalıdır", - o deyib.

Xatırladaq ki, bir qədər əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan KTMT-nin özünü "söndürdüyünü" və fəaliyyət göstərmədiyini deyib.

"Biz KTMT-yə sual verdik ki, onun məsuliyyət zonası hansıdır? Lakin hələlik bu suala cavab yoxdur, KTMT özünü "söndürüb" və fəaliyyət göstərmir", - deyə Simonyan bildirib.

Simonyan Ermənistanın təşkilata üzvlüyünü dayandıracağı təqdirdə öz təhlükəsizliyini istənilən digər üsullarla təmin edəcəyini əlavə edib.

Onun sözlərinə görə, "ölkənin suverenliyini və ərazi bütövlüyünü müdafiə etməyin istənilən üsulları" bu təşkilata alternativ ola bilər.