Putin Qərbi Rusiya ilə razılaşmağa çağırıb

Putin Qərbi Rusiya ilə razılaşmağa çağırıb

Bakı. TurkicWorld:

Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlssona müsahibə verib.

TurkicWorld xəbər verir ki, iki saatdan çox davam edən müsahibə zamanı Putin 60 sualı cavablandırıb.

Rusiyanın ABŞ və NATO ilə münasibətlərindən danışan Putin bildirib ki, alyansda qərarların necə qəbul olunduğundan xəbərdardır:

"Birləşmiş Ştatlar düyməni basır, NATO-nun bütün üzvləri, nəsə xoşlarına gəlməsə belə, səs verirlər".

Putinin sözlərinə görə, o, ABŞ qarşısında Şimali Qafqazda separatizmi və terrorizmi dəstəkləməmək məsələsini dəfələrlə qaldırıb. Rusiya Prezidenti ABŞ-nin vaxtilə Şimali Qafqazda separatizmi və terrorizmi siyasi, maliyyə və hətta hərbi cəhətdən dəstəklədiyini qeyd edib. Putin ABŞ Prezidentinə bu barədə sənəd təqdim etsə də Mərkəzi Təhqiqat İdarəsindən gələn cavabda bildirilib ki, onlar müxalifətlə işləməkdə davam edəcəklər.

Ukrayna böhranına gəldikdə, Putin əvvəldən Qərb ilə NATO-nun genişləndirilməməsi barədə razılıq əldə edildiyini deyib. Lakin sonra Ukrayna və Gürcüstan üçün NATO-nun qapılarının açıq olduğu fikri səsləndi. O, əlavə edib ki, Almaniya, Fransa və bir sıra digər Avropa ölkələri Ukraynanın NATO-ya üzv olmasının əleyhinə idilər. Lakin sonradan onlar ABŞ Prezidenti Buşun təkidi ilə razılıq verdiklərini bildiriblər.

Rusiya Prezidenti qeyd edib ki, əgər ABŞ Ukraynanı maliyyələşdirməkdən imtina etsə, döyüş əməliyyatları bir neçə həftəyə başa çatacaq. Putin Qərbi hazırda yaranmış vəziyyəti qəbul edərək Rusiya ilə razılaşmağa çağırıb.