UNRWA-ya yardımını dayandıran Kanada, Qəzzaya 30 milyon dollar yardım edəcəyini açıqlayıb

UNRWA-ya yardımını dayandıran Kanada, Qəzzaya 30 milyon dollar yardım edəcəyini açıqlayıb

Bakı. TurkicWorld:

İsrailin Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) əməkdaşlarına qarşı ittihamları ardınca agentliyə yardımını müvəqqəti olaraq dayandıran Kanada, Qəzzada fələstinlilərə 30 milyon dollarlıq yardım edəcəyini açıqlayıb.

TurkicWorld-un məlumatına görə, Kanada İsrailin iddialarından sonra bir çox ölkənin Agentliyə yardımlarını dayandırması məsələsində mövqeyini dəyişdirib.

"Kanada səmimiyyətlə inanır ki, fələstinli mülki vətəndaşların humanitar yardıma ehtiyacı hər keçən saat artır”, - deyə bəyanatda qeyd olunub.

Bəyanatda Qəzza zolağında baş verən humanitar böhranın miqyasına görə təcili müdaxiləyə ehtiyac olduğu, Fələstinli mülki vətəndaşlara sürətlə çatmaq üçün həyati əhəmiyyət kəsb edən yardımların təmin edilməli olduğu bildirilib.

30 milyon dollarlıq yardımın əhəmiyyətli hissəsi BMT qurumları vasitəsilə köçürüləcək. Yardımın çatdırılmasında Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF), Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Qızıl Xaç Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi iştirak edəcək.

Bundan əlavə, yardımların bir hissəsi Kanada qeyri-hökumət təşkilatının tərəfdaşları vasitəsilə ehtiyacı olanlara çatdırılacaq.

Qeyd edək ki, İsrail UNRWA-nın beş əməkdaşının HƏMAS-ın 7 oktyabr Əl-Əqsa daşqın əməliyyatında iştirak etdiyini iddia edərək, ABŞ, Kanada, Avstraliya, İngiltərə, Fransa, İtaliya və Almaniya kimi ölkələri agentliyin maliyyələşdirilməsini dayandırmağa məcbur edib.

Aytac Süleymanova

Twitter: a_alieva_