İsrailin Qəzzadakı hərəkətləri soyqırım kimi tanınmalıdır - Malayziya XİN

İsrailin Qəzzadakı hərəkətləri soyqırım kimi tanınmalıdır - Malayziya XİN

Bakı. TurkicWorld:

İsrailin Qəzzadakı hərəkətləri soyqırım kimi tanınmalıdır.

TurkicWorld-un məlumatına görə, bu sözləri Malayziyanın Xarici İşlər naziri Məhəmməd Həsən, Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) Fələstin üzrə yüksək səviyyəli sessiyasında çıxışı zamanı deyib.

"Fələstinlilərin torpaqlarını əlindən almaq cəhdi beynəlxalq hüququn pozulmasıdır. Fələstin dövləti BMT-nin tamhüquqlu üzvü kimi tanınmalıdır. Malayziya Qəzzada dərhal atəşkəs tələb edir və fələstinlilərin məcburi köçkünlüyünü pisləyir. İsrail Qəzza xalqını qeyri-qanuni və əxlaqsız şəkildə cəzalandırdığına və bu ölkənin insan haqları pozuntularına görə cavab verməlidir",- deyə nazir bildirib.

Məhəmməd Həsən onu da vurğulayıb ki, biz, "İsrailin Fələstin torpaqları üzərindəki pozuntularının hüquqi nəticələri" ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin 19 fevral tarixində keçiriləcək açıq iclasında iştirak edəcəyik.

Qeyd edək ki, oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 25 min 490 nəfərə çatıb.

Aytac Süleymanova

Twitter: a_alieva_