“SpaceX” 23 ədəd “Starlink” peykini orbitə çıxarıb

“SpaceX” 23 ədəd “Starlink” peykini orbitə çıxarıb

Bakı. TurkicWorld:

“SpaceX” şirkətinin “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsinin orbital qruplaşması üçün nəzərdə tutulan daha 23 ədəd “Starlink” peykini orbitə çıxarıb.

TurkicWorld xəbər verir ki, kompaniyadan verilən məlumata görə, daşıyıcı raket dekabrın 7-də ABŞ-ın Şərq sahilləri vaxtı ilə saat 00:05-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kanaveral burnundakı (Florida ştatı) bazasından start götürüb.

Daşıyıcı raketin artıq doqquzuncu dəfədir istifadə olunan birinci pilləsi Atlantik okeandakı “Just Read the Instructions” platformasına eniş edib.

Bu, 2019-cu ildən bəri internet peyklərinin orbitə çıxarılan sayca 128-ci, cari ildə isə 59-cu qrupudur. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,5 mindən çox peyk buraxıb. Onların 5,1 mindən çoxu işlək vəziyyətdədir.

“SpaceX” şirkətinin layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 62 ölkəsində istifadəçilər üçün əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də fəal istifadə edirlər.

Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmaq niyyətindədir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.