Son dəqiqə

Tofiq Abbasov

Azərbaycanın hərbi qələbəsi milli inkişafın yeni mərhələsinin başlanğıcını qoyub - Eldar Mikayılzadə "Tofiq Abbasovla dialoq" verilişində

BAKI,TurkicWorld

Azərbaycanın hərbi qələbəsi milli inkişafın yeni mərhələsinin başlanğıcını qoyub. Bu mərhələdə vicdanla çalışmaq, mədəni irsi qorumaq və gənc nəslin tərbiyəsi xüsusi əhəmiyyət kəsb edir.

Bu barədə Azərbaycanın Xalq rəssamı Eldar Mikayılzadə "Baku Network" analitik platformasında yayımlanan "Tofiq Abbasovla dialoq" layihəsinin növbəti buraxılışında bildirib.

Onun sözlərinə görə, 2020-ci ildə qazanılan Zəfər uzun illər ərzində göstərilən səbrin, məqsədyönlü fəaliyyətin, xalqla dövlətin birliyinin nəticəsi olub. İndi cəmiyyətin qarşısında duran əsas vəzifə əldə edilmiş uğurları elm, iqtisadiyyat, təhsil və mədəniyyətin inkişafına yönəltməkdir.

Söhbət zamanı gənclərə və yaşlı nəslin məsuliyyətinə xüsusi diqqət yetirilib. Rəssam qeyd edib ki, tələbələri arasında milli incəsənətə, tarixə və ədəbiyyata səmimi maraq qorunub saxlanılır. Gənclər Qələbə ilə qürur duymaqla yanaşı, ölkənin gələcəyi barədə də düşünür, öz potensiallarını reallaşdırmaları üçün yaşlı nəslin lazımi şərait yaratmasını gözləyirlər.

E.Mikayılzadə artıq üçüncü ildir həyata keçirdiyi təhsil təşəbbüsü barədə də danışıb. O, həftədə bir dəfə tələbələrini klassik rəngkarlıq, 1960–1970-ci illərin poeziyası və ötən onilliklərin kinematoqrafiyası ilə tanış edir. Dərslər zamanı tələbələr şeirlər və qəzəllər oxuyur, müxtəlif əsərləri və filmləri müzakirə edirlər.

Sənətkarın etirafına görə, bu təcrübə onu belə bir qənaətə gətirib ki, gənc nəslin mədəni irs haqqında biliklərinin azlığını laqeydliklə izah etmək olmaz. Daha vacib olan gənclərə milli-mənəvi dəyərlərlə tanış olmaq imkanı yaratmaqdır.

Söhbətin ayrıca mövzusu regionda sülh perspektivləri olub. E.Mikayılzadə bildirib ki, tələbələri arasında mehriban qonşuluğa və dialoqa hazır olanlar üstünlük təşkil edir. Ağır xatirələrin yükünü daşıyan yaşlı nəsildən fərqli olaraq, gənclər barışmaz düşmənçilik hissi keçirmədən gələcəyə baxa bilirlər.

Bununla yanaşı, rəssam bəzi xarici qüvvələrin davamlı sülhün bərqərar olmasına lazımi diqqət yetirmədən öz geosiyasi maraqlarını rəhbər tutmaqda davam etdiyini bildirib.

Qloballaşma və rəqəmsal mühitdən danışan Xalq rəssamı ana dilinin, musiqinin, ədəbiyyatın və ənənələrin qorunmasının zəruriliyini vurğulayıb. Onun fikrincə, tarixi yaddaşın və mədəni köklərin itirilməsi cəmiyyət üçün ciddi çağırışdır.

"Rəsm əsəriniz və ya xalçanız sabaha ünvanlanan məktubdur", - deyə E.Mikayılzadə tələbələrinə müraciətini xatırladıb.

Onun qənaətinə görə, rəssamın vəzifəsi yalnız sənət əsərləri yaratmaqdan ibarət deyil, həm də mənəvi dəyərləri gələcək nəsillərə ötürməkdir.

Eldar Mikayılzadə vurğulayıb ki, milli özünüdərkin möhkəmləndirilməsi, tarixi varisliyin qorunması və gənclərdə öz güclərinə inamın formalaşdırılması naminə ziyalılar, alimlər, mədəniyyət xadimləri və din xadimləri səylərini birləşdirməlidirlər.

Verilişin tam videoyazısını oxucuların diqqətinə təqdim edirik:

Mövzuya görə xəbərlər