Son dəqiqə

TRT Avaz Oyun Ovçuları

Türkiyənin süni intellektlə hazırlanmış ilk cizgi filmi serialı "Oyun Avcıları" TRT Avaz-da yayımına başlanılıb

Bakı,TurkicWorld

Türkiyədə tamamilə süni intellekt vasitəsilə yaradılan ilk animasiya serialı hesab olan "Oyun Avcıları"nın "TRT Avaz" telekanalında yayımına başlanıb.

TurkicWorld bu barədə DHA-ya istinadən xəbər verir.

Ekranda nümayiş etdirilən 3 900 saniyəlik yekun məzmunun ərsəyə gəlməsi üçün sınaqlar və müxtəlif variasiyalar da daxil olmaqla, ümumilikdə 60 000 saniyəlik süni intellekt dəstəkli video istehsalı həyata keçirilib.

Cizgi serialının əsas qəhrəmanları Göbəklitəpədən Orxon-Yenisey Abidələrinə, İssık gölündən Türküstana qədər uzanan bu macərada, hər biri fərqli bir dəyəri təmsil edən beş uşaq və onlara yol göstərən müdrik Börüdür.

Personajlar və xüsusiyyətləri:

Yiğit Alp – Komandanın lideri. Hadisələrə uzaqgörənliklə yanaşan, çətin anlarda "son sözü demək deyil, doğru səsi seçmək" prinsipi ilə hərəkət edən birləşdirici güc.

Tomris – Cəsarət və intuisiya rəmzi. Gözləri bağlı olsa belə, ürəyi ilə görməyi bacaran, mübariz ruhlu bir obraz.

Sancar – Komandanın zəkası. Dünyanı məlumatlar, sensorlar və elmin dili ilə oxuyan, analitik düşüncəsi ilə problemləri həll edən bir tədqiqatçı.

Umay – Mərhəmət və tarazlığın rəmzi. Təbiətə, daşa və torpağa "can" gözü ilə baxan, komandanın ən həssas və qayğıkeş ürəyi.

İşbara – Şənliyin və səmimiyyətin adı. Bitib-tükənməyən enerjisi, zarafatları və saf davranışı ilə ən gərgin anlarda belə üzlərə təbəssüm gətirən personaj.

Qeyd edək ki, "Oyun Avcıları" həftə içi hər gün yerli vaxtla 07:50 TRT AVAZ-da yayımlanır.

Mövzuya görə xəbərlər