Son dəqiqə

Raşid Beqlaryan

Meyitlər burda təxminən bir həftə qaldı - Raşid Beqlaryanın istintaqa ifadəsindən

Bakı. TurkicWorld:

Xəbər verdiyimiz kimi, Raşid Beqlaryanın Xocalı soyqırımı ilə bağlı verdiyi məlumatlar üzrə araşdırmalar aparılır.

TurkicWorld -in məlumatına görə, dindirilməsi zamanı təqsirləndirilən şəxs Raşid Beqlaryan 1992-ci ilin fevral ayında Xocalı faciəsinin törədilməsində iştirakçı olması barədə məlumat verərək bildirib ki, Xocalı şəhərinə etdikləri hücum vaxtı qabaqcadan qurulmuş plana uyğun olaraq, sağ qalmış azərbaycanlı dinc sakinlərə təhlükəsiz qaydada Əsgəran rayonundan keçməklə Ağdam rayonu istiqamətində gedə biləcəklərinə dair yalan vədlər verilib. Əksəriyyəti qadın, uşaq və yaşlı insanlardan ibarət 200 nəfərədək mülki şəxsi Əsgəran qalasına yaxın ərazidə pusquya salıblar.

"Biz atəş açanda qadınlar və uşaqlar qışqırmağa başladılar, qaçıb xilas ola bilənlər Ağdam tərəfə getdilər, xilas ola bilməyənlər isə burada qaldılar. Atəş bitdikdən sonra meyitlərə yaxınlaşıb yoxlayırdılar. Ölməyənlərin üzərinə yenidən atəş açırdılar. Sonra onların üzərindəki qiymətli əşyalar çıxarılmağa başladılar. Bu ərazi Xocalı sakinlərinin meyitləri ilə dolu idi.

Meyitlər burda təxminən bir həftə qaldıqdan sonra basdırıldı", - deyə o, əlavə edib

Xatırladaq ki, əvvəllər azadlıqları məhdudlaşdırılmaqla Xankəndi şəhərində yerləşən 3 saylı uşaq xəstəxanasında saxlanılmış azərbaycanlı əsirlərə və beynəlxalq humanitar hüquqla müdafiə olunan başqa şəxslərə işgəncə verməkdə, eləcə də sülh və insanlıq əleyhinə, müharibə cinayəti kimi digər ağır cinayət əməllərini törətməkdə, həmçinin qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətində digər formada iştirak etməkdə şübhəli bilinən Beqlaryan Raşid Aramayisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 112, 113, 115.2, 279.1 və 318.1-ci maddələri ilə ittiham olunaraq həbs edilib.

Hazırda qeyd olunan cinayət əməlləri ilə bağlı araşdırmalar davam etdirilir.

Mövzuya görə xəbərlər