Azərbaycanın xəbər lenti Türkiyənin nəhəng media portalında yerləşdirilir - Əhməd İsmayılov

Azərbaycanın xəbər lenti Türkiyənin nəhəng media portalında yerləşdirilir - Əhməd İsmayılov

Bakı. TurkicWorld:

Artıq Azərbaycanın xəbər lenti Türkiyənin nəhəng media portalında yerləşdirilir və bu bizim mediamızın təcrübəsində ilk addımdır.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov "Demirören Holding"in İstanbulda yerləşən baş ofisində Trend BİA və Türkiyənin nüfuzlu Demirören (DHA) informasiya agentliyinin birgə layihəsi olan "www.dhapress.com " portalının təqdimatı mərasimində çıxışı zamanı deyib.

Ə.İsmayılov bildirib ki, Türkiyə və Azərbaycan qardaşlığının parlaq nümunəsi olan bu toplantımız həm öz daşıdığı yüksək milli-mənəvi dəyəri və praktik əhəmiyyəti, həm də gələcəyə yönəlik mesajları baxımından strateji əhəmiyyət daşıyır. Ölkələrimizdə ictimai rəyin düzgün istiqamətdə formalaşdırılması, bizə qarşı dezinformasiya hücumunun qarşısının alınması, öz həqiqətlərimizin dünyaya çatdırılmasında peşəkar mediamızın, dəyərli jurnalist dostlarımızın rolu danılmazdır.

"Çox xoş haldır ki, Trend Beynəlxalq İnformasiya Agentliyi ilə Türkiyənin nüfuzlu media qurumu Demirören İnformasiya Agentliyinin (DHA) birgə layihəsi - www.dhapress.com ilk dəfə Türk Dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərində təqdim olunub", - deyə Ə. İsmayılov əlavə edib.

O qeyd edib ki, bu layihə Şuşa Qlobal Media Forumu iştirakçılarının marağına səbəb olub. Artıq Azərbaycanın xəbər lenti Türkiyənin nəhəng media portalında yerləşdirilir və bu bizim mediamızın təcrübəsində ilk addımdır.

"Təbii ki, təqdim olunmuş media platformasında yalnız iki ölkəyə aid xəbərlər yer almır, biznes, mədəniyyət və incəsənət xəbərlərindən səhiyyə, təhsil və idmana qədər hər sahədən məlumat əldə etmək mümkündür ki, bu platforma da geniş auditoriya üçün əhəmiyyətini göstərir", - Ə.İsmayılov deyib.

Onun sözlərinə görə, 1995-ci ildən fəaliyyətə başlayan Trend Beynəlxalq İnformasiya Agentliyi Xəzər bölgəsi, Cənubi Qafqaz və Orta Asiyadan olan xəbərləri oxuculara təqdim etməklə yanaşı, bu bölgələrin əsas siyasi, iqtisadi, enerji və maliyyə məsələlərinə dair analitik hesabatlar, məqalələr hazırlayır və Azərbaycanın beynəlxalq müstəvidə ən çox istinad olunan bir informasiya brendinə çevrilib.

"Trend Beynəlxalq İnformasiya Agentliyinin dünyanın bir çox ölkələrinin nüfuzlu informasiya agentlikləri ilə uğurlu partnyorluq münasibətləri vardır və qardaş Türkiyənin Demirören İnformasiya Agentliyi ilə birgə ərsəyə gəlmiş bu layihənin də uğurlu olacağına inanırıq.

Bildiyiniz kimi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti və fədakarlığı, qəhrəman Azərbaycan Ordusunun rəşadəti sayəsində Vətən müharibəsində qazandığımız qələbə bütün sahələrdə olduğu kimi, media ictimaiyyətinin də işində əsaslı dönüş yaradıb. Qələbənin əldə olunmasında istər ön, istərsə də arxa cəbhədə fədakarlıq göstərmiş hər bir insanın həyat hekayəsini, möhtəşəm Zəfərimizə verdiyi töhfəni işıqlandırmaq, geniş auditoriyaya çatdırmaq Azərbaycan jurnalistikasının əsas mövzusudur.

44 günlük Vətən müharibəsi sınağından bizimlə birgə keçmiş qardaş Türkiyə mediasına təşəkkür borcumuzun olduğunu vurğulamaq istərdik! Media nümayəndələri, qardaş ölkənin jurnalistləri dayanmadan döyüş bölgələrindən reportajlar hazırlamaqla haqq səsimizi dünyaya çatdırdılar.

Bu gün Azərbaycan və Türkiyənin birgə media platforması mövcuddur. 1 fevral 2021-ci il tarixində Azərbaycan və Türkiyə Cümhuriyyəti arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu parlamentimiz tərəfindən təsdiq edildi.

Birgə Media Platformasının məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır", - deyə Ə.İsmayılov qeyd edib.

O deyib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Medianın İnkişafı Agentliyi artıq Türk Dövlətləri Təşkilatının üzvü olan qardaş ölkələrin əksəriyyəti ilə Anlaşma Memorandumları imzalayıb.

"Bu əməkdaşlığımız çərçivəsində media məkanında milli maraqların birgə təşviqi və qorunması yönümündə fəaliyyət göstərilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi nəzərdə tutulur. Bununla yanaşı, fəaliyyət dövrü ərzində Media Agentliyi müxtəlif layihələrin həyata keçirilməsinə müvəffəq olmuş, həmin layihələr çərçivəsində "Anadolu Ajansı", Demirören" Media Qrupu "Al Jazeera", "Haber Global", Türk Əməkdaşlıq Koordinasiya Agentliyi (TİKA) kimi nüfuzlu beynəlxalq qurumlarla etibarlı əməkdaşlıq əlaqələri qura bilib.

Bizim öz ölkələrimiz haqqında həqiqətləri beynəlxalq auditoriyaya çatdırmaq üçün heç şübhəsizjurnalist dostlarımız arasında həmrəyliyə, söz və əməl biriliyinə ehtiyacımız var. Media qrumlarımız öz peşəkar missiyasını yerinə yetirdiyi təqdirdə səsimizin eşidilməsinə inanırıq. Azərbaycanın, Türkiyənin, bütünlükdə Türk Dünyasının həqiqətlərini işıqlandırmaq, beynəlxalq aləmi obyektiv informasiya ilə təmin etmək üçün biz peşəkarlığımızı və sayıqlığımızı artırmalıyıq. Bu yolda hər birinizə uğurlar arzulayırıq!", - deyə Ə.İsmayılov əlavə edib.

Qeyd edək ki, "Demirören Holding"in İstanbulda yerləşən baş ofisində Trend BİA və Türkiyənin nüfuzlu Demirören (DHA) informasiya agentliyinin birgə layihəsi olan "www.dhapress.com " portalının təqdimat mərasimi baş tutub. "www.dhapress.com" layihəsi Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan-Türkiyə birgə media platformasının yaradılmasına dair irəli sürdüyü təşəbbüs çərçivəsində həyata keçirilib. Portalın unikal xüsusiyyəti Azərbaycan dilində xəbər lentinə malik olmasıdır. İlk dəfə Türkiyənin media bazarında Azərbaycan xəbərləri Azərbaycan dilində təqdim olunacaq.

Xatırladaq ki, "Demirören Holding"in İstanbulda yerləşən baş ofisində Trend BİA və Türkiyənin nüfuzlu Demirören (DHA) informasiya agentliyinin birgə layihəsi olan "www.dhapress.com " portalının təqdimat mərasimi baş tutub. "www.dhapress.com" layihəsi Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan-Türkiyə birgə media platformasının yaradılmasına dair irəli sürdüyü təşəbbüs çərçivəsində həyata keçirilib. Portalın unikal xüsusiyyəti Azərbaycan dilində xəbər lentinə malik olmasıdır. İlk dəfə Türkiyənin media bazarında Azərbaycan xəbərləri Azərbaycan dilində təqdim olunacaq.

Təqdimat mərasimində Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, "Demirören Holding"in rəhbəri Yıldırım Demirören, "Demirören Holding"in sədr müavini Məltəm Demirören, "DHA"-nın baş direktoru Cəlal Qorqud, Trend BİA-nın direktoru İlqar Hüseynov, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov, Milli Məclisin deputatı Sevil Mikayılova, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Türkiyə və Azərbaycanın rəsmi şəxsləri və ictimai xadimləri, iki ölkənin işgüzar dairələrinin nümayəndələri, eləcə də Türkiyədə akkreditasiya olunmuş yerli və xarici KİV nümayəndələri iştirak ediblər.