Hindistanın İran vasitəsilə Ermənistana silah göndərməsi bölgəmiz üçün ciddi təhlükədir - Sahil Kərimli

Hindistanın İran vasitəsilə Ermənistana silah göndərməsi bölgəmiz üçün ciddi təhlükədir - Sahil Kərimli

Bakı. TurkicWorld:

Əgər Ermənistan Hindistandan və ya digər ölkələrdən aldığı silahlara güvənib növbəti dəfə təxribat törətməyə çalışarsa, bu dəfə daha böyük faciələrlə üzləşəcək. Bu bir reallıqdır. Ermənistanı silahlandıran qüvvələr sadəcə bu ölkəni uçuruma aparır.

TurkicWorld xəbər verir ki, bu fikirləri "AzTV Xəbər"ə açıqlamasında Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.

O, qeyd edib ki, Hindistanın İran ərazisindən istifadə etməklə Ermənistana silah-sursat göndərməsi bölgədə yeni müharibə ocağının yaranmasına səbəb ola bilər.

"Bu mənfur addım Cənubi Qafqazda sülhə və təhlükəsizliyə ciddi zərbədir. Xüsusilə də qonşu İranın Ermənistanın silahlanmasında canfəşanlıq göstərməsi dərin təəssüf doğurur", - deyə S.Kərimli bildirib.

O, həmçinin qeyd edib ki, İran öz ərazilərindən Ermənistana silah daşınmasına icazə verməklə Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirir: "44 günlük Vətən Müharibəsi zamanı da bəzi ölkələr Ermənistana hərbi texnika və silah göndərirdi. Amma bunun heç bir nəticəsi olmadı. Azərbaycan ordusu işğalçı Ermənistanın dərsini layiqincə verdi. Şübhəsiz ki, bu dəfə də belə olacaq".