BAKI,TurkicWorld, Orxan Qədirzadə
Türkiyənin müdafiə sənayesi sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərindən biri olan Meteksan Savunma 2026-cı ildə keçiriləcək beynəlxalq sərgidə ən yeni texnologiyalarını nümayiş etdirməyə hazırlaşır.
TurkicWorld xəbər verir ki, şirkət oktyabr ayında təşkil olunacaq SAHA EXPO 2026 sərgisində döyüş şəraitində sınaqdan keçirilmiş müasir sistemlərini təqdim edəcək. Sərgidə radar texnologiyalarından tutmuş dəniz platformaları üçün rabitə və sensor həllərinə qədər geniş məhsul portfeli nümayiş olunacaq.
Şirkətin təqdimat proqramında əsas diqqət pilotsuz uçuş aparatları üçün hazırlanmış MİLSAR radiolokasiya sistemi və silahlı pilotsuz dəniz vasitəsi ULAQ-ın yeni nəsil sensor imkanlarına yönəldiləcək. Bildirilir ki, bu sistemlər real əməliyyat mühitində sınaqdan keçərək müasir müharibə tələblərinə uyğunluğunu sübut edib.
Bundan əlavə, sərgi çərçivəsində raket sistemləri üçün radar başlıqları və sualtı akustik sistemlər də nümayiş etdiriləcək. Şirkət rəhbərliyi qeyd edir ki, bu texnologiyalar həm müdafiə qabiliyyətinin gücləndirilməsi, həm də ixrac potensialının artırılması baxımından strateji əhəmiyyət daşıyır.
Meteksan Savunma üçün SAHA EXPO sərgisi yalnız məhsul təqdimatı deyil, eyni zamanda beynəlxalq tərəfdaşlarla yeni müqavilələrin imzalanması və hərbi-texnoloji əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma hesab olunur.