Son dəqiqə

Hakan Fidan: ABŞ uranın zənginləşdirilməsinə yaşıl işıq yandırır Türkiyə XİN rəhbərindən İran və ABŞ arasında nüvə sürprizi Vaşinqton və Tehran kompromis yolunda: Fidan detalları açıqladı İranın nüvə sazişi: Hakan Fidan Financial Timesa danışdı Regionda müharibə təhlükəsi: Fidan ballistik raket şərtinə qarşı çıxdı Oman vasitəçiliyi nəticə verir? – Türkiyədən mühüm nüvə bəyanatı

Vaşinqton və Tehran nüvə razılaşmasında "çeviklik" nümayiş etdirir - Hakan Fidan

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ və İranın nüvə sazişi ilə bağlı danışıqlarda qarşılıqlı çeviklik göstərdiyini, Vaşinqtonun artıq müəyyən hüdudlar daxilində uranın zənginləşdirilməsinə dözümlü yanaşmağa hazır olduğunu bəyan edib. Nazir qeyd edib ki, tərəflər bir-birinin qırmızı xətlərini və imkan hədlərini daha yaxşı anlamağa başlayıblar.

TurkicWorld xəbər verir ki, "Financial Times" qəzetinə müsahibə verən Hakan Fidan amerikalıların uranın zənginləşdirilməsi prosesini tamamilə dayandırmaq əvəzinə, onu aydın çərçivələr daxilində qəbul etməyə hazır olmasını müsbət addım kimi qiymətləndirib. Onun sözlərinə görə, iranlılar amerikalılarla razılığa gəlməyin zəruriliyini, Vaşinqton isə Tehrana təzyiq göstərməyin mənasızlığını dərk edib.

Qeyd edək ki, indiyə qədər Vaşinqton İranın silah dərəcəsinə yaxın olan 60 faizlik uran ehtiyatından tamamilə imtina etməsini tələb edirdi. Lakin İran Prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə hüquqlarından, o cümlədən zənginləşdirmə fəaliyyətindən geri çəkilməyəcəyini və maliyyə sanksiyalarının ləğvində israrlı olduğunu bildirmişdi.

Fidanın sözlərinə görə, Tehran "həqiqi razılaşma" əldə etməkdə səmimidir və 2015-ci il sazişində olduğu kimi, səviyyə məhdudiyyətlərini və ciddi beynəlxalq təftiş rejimini qəbul etməyə hazırdır.

Xatırladaq ki, keçən həftə Oman vasitəçiliyi ilə tərəflər arasında diplomatik təmaslar baş tutub. Bu təmaslar ABŞ-ın regiona hərbi qüvvə yerləşdirməsi və gərginliyin artması fonunda baş verir. Bununla belə, Hakan Fidan xəbərdarlıq edib ki, nüvə danışıqlarının əhatə dairəsini ballistik raketlər məsələsinə qədər genişləndirmək regionda yeni bir müharibəyə yol açmaqdan başqa bir nəticə verməyəcək.