BAKI, TurkicWorld, Orxan Qədirzadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan İstanbulda gənclərlə keçirilən görüşdə iş fəaliyyəti barədə açıqlama verib.
TurkicWorld xəbər verir ki, Bilal Ərdoğan İstanbulun Güngören rayonunda gənclərlə görüş zamanı ünvanlanan “nə işlə məşğulsunuz, gəlirinizi nədən əldə edirsiniz?” sualını cavablandıraraq bildirib ki, 2007-ci ildən etibarən ticarətlə məşğuldur və hazırda qida sektorunda fəaliyyət göstərir.
Bilal Ərdoğan qeyd edib ki, ilk biznes fəaliyyətinə dostları ilə birlikdə başlayıb və Türkiyədə ilkin mərhələdə kosmetika sahəsində iş görüblər. Daha sonra, 2009-cu ildən etibarən restoran biznesinə keçid edilib və bu istiqamətdə fəaliyyət davam etdirilib.
Açıqlamaya görə, hazırda birgə tərəfdaşlıq çərçivəsində restoranlar fəaliyyət göstərir. Bilal ərdoğan Dubayda restoran açıldığını, eyni zamanda Bakıda da yeni obyektin açılmasının planlaşdırıldığını diqqətə çatdırıb. O, əsas fəaliyyət sahəsinin qida sektoru olduğunu vurğulayıb.