BAKI, TurkicWorld, Orxan Qədirzadə
Türkiyənin Milli Kəşfiyyat Xidmətinin (MİT) rəhbəri İbrahim Kalın HƏMAS-ın Siyasi Bürosunun üzvü və danışıqlar heyətinin rəhbəri Xəlil əl-Həyyənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
TurkicWorld-un verdiyi məlumata görə, İstanbulda baş tutan görüş Qəzzada atəşkəs razılaşması çərçivəsində təşkil olunub. HƏMAS nümayəndə heyəti atəşkəs şərtlərinə əməl etdiklərini bildirərək, İsrail tərəfinin pozuntuları barədə MİT rəhbərinə məlumat verib.
Görüş zamanı Türkiyənin zəmanətçi ölkə kimi Qəzzada atəşkəsin qorunması istiqamətində apardığı intensiv fəaliyyətə xüsusi diqqət yetirilib, İsrail tərəfindən mümkün pozuntuların qarşısının alınması yolları müzakirə edilib.
Tərəflər Qəzza üzrə sülh planının ikinci mərhələsinə keçid üçün zəruri şərtlərin yaradılması, mövcud maneələrin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparıblar.
Görüşdə Türkiyənin Qəzzaya göstərdiyi humanitar yardım barədə məlumat təqdim olunub, regional ölkələr və beynəlxalq təşkilatlarla birgə, xüsusilə çadır təminatı da daxil olmaqla, humanitar yardımın genişləndirilməsi məsələləri müzakirə edilib.
Sonda tərəflər Fələstin daxilində milli barışığın vacibliyini və müstəqil Fələstin dövlətinin yaradılması məqsədinin qorunmasının zəruriliyini bir daha vurğulayıblar.