Bakı, TurkicWorld
Türkiyənin ilk silahlı PUA-sı olan Bayraktar TB2 filosunun J11 quyruq nömrəli hava aparatı, Jandarma Baş Komandanlığı inventarında 10 min saatlıq uçuş müddətini uğurla tamamlayıb.
Bu barədə TurkicWorld -ə Baykar şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilir ki, missiyasını başa vuran milli silahlı PUA, bundan sonra təlim və test uçuşlarında istifadə olunacaq. İnventardan çıxarılan SİHA-nın əvəzinə Baykar tərəfindən istehsal xəttindən çıxan yeni Bayraktar TB2, Jandarma Baş Komandanlığına ödənişsiz hədiyyə edilib.
“Türkiyənin ilk silahlı PUA-sı Bayraktar TB2, göy üzündə 1 milyon saatdan çox uçuş təcrübəsinə malik filosunda yer alan J11 quyruq nömrəli hava aparatı, 2016-cı ildə inventara daxil olduqdan sonra 10 min saatlıq uçuş müddətini uğurla tamamlayaraq yeni bir mərhələyə keçdi. Jandarma Baş Komandanlığının inventarına daxil olduğu gündən bəri terrorla mübarizə, asayişin qorunması, sərhəd təhlükəsizliyi, axtarış-xilasetmə və strateji infrastrukturların qorunması kimi kritik vəzifələrdə uğurla xidmət göstərib. Bayraktar TB2 silahlı PUA-ları, Türkiyənin terrorla mübarizəsində kritik rol oynamaqla yanaşı, beynəlxalq əməliyyatlarda da üstün performans nümayiş etdirib. Dünyanın bir çox bölgəsində xidmət göstərən milli PUA-lar, Liviya, Ukrayna, Mali və Burkina Faso kimi münaqişə zonalarında uğurla istifadə olunub. Eyni zamanda, 30 illik Qarabağ işğalının sona çatdırılmasında da həlledici rol oynayıb”, - deyə Baykar şirkətindən bildirilib.