Bakı. TurkicWorld:
Türkiyə Pilotsuz Uçuş Aparatı sahəsində dünyada liderdir.
TurkicWorld xəbər verir ki, bu barədə İsveçrə mediasında məqalə dərc edilib.
Məqalədə İran prezidenti İbrahim Rəisinin helikopterinin yerini müəyyənləşdirən AKINCI PUA-nın əlverişsiz hava şəraitinə baxmayaraq, 12 kilometrə qədər hündürlükdə uça bildiyi və 24 saata qədər havada qala bildiyi qeyd edilib.
"Müdafiə sənayesini inkişaf etdirmək prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin müstəqil regional gücə çevrilməsi üçün uzunmüddətli hədəfinin mərkəzi elementidir. Xüsusilə Baykarın istehsal etdiyi PUA-lar burada mühüm rol oynayır. Türkiyə təyyarələrinə hazırda beynəlxalq bazarda da tələbat var. Təkcə Baykar öz məhsullarını 30-dan çox ölkədə satır. Azərbaycan və Ukraynadakı döyüş missiyaları kimi, İranda da axtarış əməliyyatı türk istehsalçısının nüfuzuna töhfə verəcək. Türkiyə pilotsuz uçuş aparatları istehsalında nə qədər bacarıqlı olduğunu dünyaya bir daha göstərdi”, - deyə məqalədə vurğulanıb.
Qeyd edək ki, mayın 19-da İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi bildirildikdən sonra İran havadan axtarış aparmaq üçün Türkiyədən pilotsuz uçuş aparatı (PUA) istəyib.
Bayraktar Akıncı PUA İran prezidenti İbrahim Rəisini daşıyan helikopterin olduğu yerin təsbitini müvəffəqiyyətlə tamamlayıb və Türkiyəyə qayıdıb.