Türkiyə İsrailə ixrac məhdudiyyətinə öncülük edib - Ərdoğan

Türkiyə İsrailə ixrac məhdudiyyətinə öncülük edib - Ərdoğan

Bakı. TurkicWorld:

Türkiyə 7 oktyabrdan sonra İsrailə qarşı ixrac məhdudiyyətinə öncülük edib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Bu həqiqətə baxmayaraq, təəssüf ki, hökumətimiz çox ədalətsiz və fürsətçi ittihamlara məruz qalıb. İsrailə təyyarə yanacağı satışı ilə bağlı Türkiyə Respublikasına böhtan atanları unutmayacağıq", - deyə o vurğulayıb.

Ərdoğan onu da qeyd edib ki, 13 aprel tarixində baş verən hadisələr Qərbin ikili standart mövqeyini nümayiş etdirdi.

"İsrail və İran arasında baş verənlər onu da göstərdi ki, bütün regionu bürüyə biləcək müharibə ehtimalı uzaqda deyil. Sonuncu hadisələrdə problemin mənbəyi düzgün müəyyən edilməlidir. Yalnız aprelin 13-nə keçən gecəyə əsaslanaraq qiymətləndirmə aparmaq prinsipial bir münasibət olmaz", - deyə o əlavə edib.

Qeyd edək ki, İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 13 aprel tarixində iki regional düşmən arasında böyük gərginliyə səbəb ola biləcək onlarla pilotsuz uçuş aparatı (PUA) və raketlər ataraq İsrailə hücuma başlayıb.

X: Lamanasadli01