Yaşar Gülər ABŞ Nümayəndə Heyəti ilə F-16 satışını müzakirə edəcək

Yaşar Gülər ABŞ Nümayəndə Heyəti ilə F-16 satışını müzakirə edəcək

Bakı, TurkicWorld:

Nazir Yaşar Gülər sabah ABŞ Konqresinin Nümayəndə Heyətini qəbul edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib.

Məlumatda bildirilib ki, görüşdə ikitərəfli hərbi əlaqələrin gündəmində olan terrorla mübarizə və F-16 tədarükü məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, 29 fevral tarixində ABŞ-ın 40 ədəd yeni F-16 Blok-70-lərin Türkiyəyə tədarükü və mövcud 79 ədəd F-16-nın modernləşdirilməsi üçün göndərdiyi “Təklif və Qəbul Məktublarının Layihəsi” Türkiyə Milli Müdafiə Nazirliyinə və müvafiq bölmələrə çatdırılıb.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsindən sonra ABŞ prezidenti Co Bayden Konqresə müraciət edərək Ankaraya “F-16” satışını təsdiqləməyə çağırıb.

Daha sonra ABŞ Dövlət Departamenti Türkiyəyə 40 ədəd F-16 qırıcısının satışı və mövcud F-16-ların modernləşdirilməsi ilə bağlı Konqresə rəsmi bildiriş verib.