Hakan Fidan Brüsseldə Nüvə Enerjisi Sammitində iştirak edəcək

Hakan Fidan Brüsseldə Nüvə Enerjisi Sammitində iştirak edəcək

Bakı. TurkicWorld:

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Brüsseldə keçiriləcək 1-ci Nüvə Enerjisi Sammitində iştirak edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə diplomatik mənbələri məlumat yayıb.

Məlumata əsasən, nazir Fidanın zirvə toplantısına nümayəndə heyəti ilə qatılacağı, nümayəndə heyətinin rəhbəri kimi dövlət və hökumət başçılarının iclasında çıxış edəcəyi bildirilib.

Məlumatda o da qeyd edilib ki, 1-ci Nüvə Enerjisi Sammitinə ənənəvi olaraq nüvə enerjisindən bəhrələnən və bu sahədə öz imkanlarını artırmaq məqsədi daşıyan və nüvə enerjisinə keçəcək ölkələrin dövlət və hökumət başçıları dəvət olunub və sammitdə 18 hökumət və dövlət başçısı və ya onların müavinlərinin iştirak edəcək.

Bundan əlavə, sammitdə 17 ölkədən Avropa İttifaqı (Aİ) Şurası və Komissiyasının prezidentləri, nazirlər və yüksək vəzifəli şəxslər də iştirak edəcək.

"Bu, Türkiyənin enerji təhlükəsizliyinə baxışı, siyasətləri və regionun enerji təhlükəsizliyinə verdiyi töhfələr haqqında beynəlxalq ictimaiyyətə məlumat çatdırmaq və fikir mübadiləsi aparmaq imkanı verir. Məlum olduğu kimi, Türkiyənin nüvə enerjisinə keçid və şaxələndirmə planları var. Sammitdə bildiriləcək ki, həm adi atom elektrik stansiyaları, həm də kiçik modul reaktorlar gələcəkdə Türkiyənin enerji təhlükəsizliyinin əsas elementi olacaq. Akkuyu Atom Elektrik Stansiyası layihəsi haqqında məlumat veriləcək”, - deyə məlumatda bildirilib.

X: Lamanasadli01