Türkiyə Fəlakətlərin Bərpası Fondu fəaliyyətə başlayacaq

Türkiyə Fəlakətlərin Bərpası Fondu fəaliyyətə başlayacaq

Bakı. TurkicWorld:

Türkiyə Fəlakətlərin Bərpası Fondunun fəaliyyəti ilə bağlı əsasnamə Rəsmi Qəzetdə dərc edilmək üçün Prezident Administrasiyasına göndərilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek açıqlama verib.

"Fond Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin tabeliyində olacaq. Fondun direktorlar şurasına xəzinə və maliyyə naziri sədrlik edir və onun tərkibinə ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi, enerji və təbii sərvətlər, kənd təsərrüfatı və meşə təsərrüfatı, daxili işlər, nəqliyyat və infrastruktur nazirləri daxildir. Fondun vəsaitləri hər cür nağd pul ianələri, yardımlar, qrantlar və kreditlər daxil olmaqla, daxili və xarici mənbələrdən alınan istiqrazlar və bu məqsədlə büdcəyə daxil ediləcək vəsaitlərdən ibarət olacaq", - deyə o vurğulayıb.

Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.

X: Lamanasadli01